Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Dəli Kür” filmində Mələk obrazı ilə yadda qalan, Azərbaycanın əməkdar artisti Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov səbəbkarı təbrik edərək onun həm aktrisa, həm də Azərbaycan qadını kimi nəcib keyfiyyətlərindən danışıb.
Səmimi söhbət şəraitində keçən tədbirdə əməkdar artist Ənvər Həsənov, Əməkdar Mədəniyyət İşçisi Pərviz Quliyev və Əməkdar Rəssam Rafiq Nəsirov Azərbaycan filmlərində bir sıra maraqlı rollar yaratmış sənətkarın ömür yolu və yaradıcılıq axtarışlarından söz açaraq, onunla bağlı maraqlı və xoş hadisələrdən danışıblar.
Sonra çıxış edən Zemfira Sadıqova tədbirin təşkilinə görə minnətdarlığını buildirib.
Qeyd edək ki, Zemfira Sadıqova 1974-cü ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb. 1960-cı illərdən isə filmlərdə çəkilməyə başlayıb. “Dəli Kür”, “Tütək səsi”, “İnsan məskən salır”, “Bağ mövsümü”, “Şir evdən getdi”, “Alma almaya bənzər” kimi 30-dan çox filmdə maraqlı rollar yaradıb.