Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Mincivan qəsəbəsində də olub.
Səfərdən görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşıb.Ölkə başçısı səfər zamanı deyib:“Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşmişdir. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz yenidən dəmiryolunu çəkəcəyik. Bu işlərə start verildi. Horadiz qəsəbəsində biz bir müddət əvvəl Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək.
Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”.