Yol kənarında yaşayanların sağlamlığı tədqiq ediləcək

73

Azərbaycanda magistralların istismarının yolların yaxınlığında yaşayan insanların sağlamlığına Road_250712_1necə təsir etdiyi öyrəniləcək.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev “Trend”-ə bildirib ki, ilkin mərhələdə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsində tədqiqatın aparılması planlaşdırılır.

Tədqiqatlar zamanı avtomobil yollarından keçən avtomobillər vasitəsilə ətraf mühitə nə qədər tullantının atıldığı, bu tullantıların bitki örtüyünün üzərini örtməsi, bitki ilə torpağa qarışma vəziyyəti öyrəniləcək. Layihənin icrası zamanı ərazidəki səs-küyün də xüsusi cihazlarla ölçülməsi nəzərdə tutulur. İlkin mərhələdə tədqiqatın yolun bir hissəsində aparılması planlaşdırılır.

Alim bildirib ki, təqribən 200 km uzunluğunda olan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun ətrafı ciddi şəkildə çirklənməyə məruz qalır: “2010-cu ilin məlumatına əsasən, bu yoldan sutka ərzində təqribən 28 200 avtomobil keçir. Bunun da nəticəsində ətrafa 100 tonlarla müxtəlif növ tullantılar atılır. Müxtəlif təsərrüfat, tərəvəzçilik sahələri, bağlar, Bakını su ilə təmin edən Samur-Abşeron kanalı da buradan keçir. Tullantılar torpağa, oradan bitkiyə, meyvəyə, heyvana, daha sonra insan orqanizminə daxil olur və bununla da bioloji dövranın bir halqasına çevrilir. Bu isə bizim sağlamlığımız üçün təhlükə yaradan prosesdir”.

Ə.Əliyev qeyd edib ki, artıq tədqiqatın aparılması ilə bağlı layihə hazırdır. Layihə maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunub. Layihə fond tərəfindən maliyyələşdirilsə, 2015-ci ilin yanvar ayından onun icrasına başlanılacaq. Layihənin sonunda avtomobil yollarından ətrafa atılan tullantıların fəsadlarından sığortalanma yolları müəyyənləşdiriləcək. Tədqiqatçının sözlərinə görə, növbəti 5 il ərzində bütün magistral yollarda – Bakı-Qazax-Tbilisi, Bakı-İranla dövlət sərhədinə qədər olan yollarda da tədqiqatın davam etdirilməsi planlaşdırılır.