“Yaxın zamanlarda bülletenlerin çapına başlanacaq” – MSK sədri

0

“Mərkəzi Seçki Komissiyası artıq Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bülletenlərin çapı ilə bağlı addımlar atmağa başlayıb, yaxın günlərdə bülletenlərin çapına başlanacaq”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər: “Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusilə keçmiş postsovet, Şərqi Avropa ölkələrində tez-tez baş verən haldır. Finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsində namizədlərin müəyyən qədəri öz namizədliklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qisim namizədliyini geri götürsə də, parlamentdə bir yerə 10-12 namizəd var. Fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər. 19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadır”.