Xırdalandakı partlayışda zərərçəkənlərə kirayəpulu veriləcək

34

Avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində araşdırma aparılır.

Elchi.az-ın məlumatına görə, partlayış nəticəsində zərərçəkən sakinlərin qeydiyyatı aparılır və onların hamısı müvəqqəti olaraq kirayə evlərlə təmin olunacaqlar.

Bildirilib ki, kirayə mənzillərdə yerləşdiriləcək ailələrin ödənişləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

Qeyd edək ki, faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. İlkin məlumata əsasən, 20-yə yaxın mənzilə ziyan dəyib. Qaz, elektrik enerjisi binada tam olaraq kəsilib. Partlayışdan 6 blokdan ibarət olan binanın iki blokuna zərər dəyib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.