“İran və Rusiyanın ram edilməsi əməliyyatlarına start verilir. Ukrayna ordusunun Xerson istiqamətində hücuma keçməsi, İranın isə İraqdakı dayaqlarının məhv edilməsi əməliyyatları ilə”.
Bu sözləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib:
“Ukrayna ordusunun Xerson istiqamətində hücum etməsi hələ ki, rəsmi Ukrayna hökuməti tərəfindən elan edilmir, ancaq ikinci dərəcəli mənbələrdən xəbər alınır. Niyə? Məsələ ondadır ki, Ukraynanın bu istiqamətdə hücum edəcəyini hamı gözləyirdi, o cümlədən də, Rusiya. Burda bir neçə müdafiə xətti qurulub Rusiya tərəfindən. Ukrayna ordusunun hələlik birinci müdafiə xəttini yardığı deyilir. Ukrayna rəsmilərinin hələlik tələsməməsinin səbəbi odur ki, Rusiya burda tələ qura bilər. Ola bilsin ki, məqsədli şəkildə birinci müdafiə xəttindən geri çəkilən Rusiya ordusu ikinci xəttdə Ukrayna qüvvələrini tələyə sala, güclü müqavimət ilə onları geri ata bilər. Odur ki, hələlik tərəflərdən heç kim ciddi bəyanat vermir. Ukrayna ordusunun böyük qələbəyə gücünün bir hücumla çatmayacağı hamıya məlumdur, yəni bir başladılan hücumla rus ordusunu sərhəddindən kənara ata bilməz, əslində bu, Qərbə də lazım deyil. Amma Xersonda əldə olunacaq nəticədən sonra Rusiyanın taleyi şübhə altına düşəcək.
İraqda isə İran dəstəkli Haşdişabi qruplarının və Maliki hökumətinin devrilməsində Müqtəda əl Sədri tərəfindən başladılması İranın ABŞ-la bağlanması gözlənilən nüvə razılaşması öncəsi “qol-budağının budanması” və onun müqavilənin İsrailin maraqlarına uyğun bağlanmasını təmin etmək üçün şərtlərə məcbur edilməsi əməliyyatıdır.
İranla nüvə müqaviləsi bağlanmalıdır. ABŞ da, İsrail də yaxşı bilir ki, tək İranın nüvə obyektlərinə zərbə vurmaqla məqbul nəticə almaq olmaz. Ona görə də İranın proksi qruplarını məhv etməyə başlayıblar. Qəzzada az öncə Həmas liderlərinin öldürülməsini də bu əməliyyatın tərkib hissəsi hesab etmək olar”.
A.Qasımovun fikrincə, İran nefti Avropa üçün bu dəqiqə həyatı əhəmiyyət kəsb edə bilər:
“Amma məsələ ondadır ki, bu neftdən gələn 100 milyard dollarlıq gəlirlər İranın əl-qolunu aça və bu pulları həmin proksi qrupların İsrail və ərəb ölkələrinə daha çox hücuma keçməsi ilə nəticələnə bilər. Odur ki, bu pulları İrana verməzdən əvvəl onu təslimçi sülhə hazırlayırlar ki, bir daha İsrailə yan baxa bilməsin”.
Yeganə