Von der Leyen: Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzərində işi tezliklə tamamlayacağıq

68

Enerji sahəsində əməkdaşlıqdan əlavə biz Prezident İlham Əliyevlə Aİ və Azərbaycan arasında geniş miqyaslı əməkdaşlığı müzakirə etdik. Sabah Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası baş tutacaq və burada ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq.

Elchi.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Bakıda Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

“Biz hazırda yeni ikitərəfli saziş üzərində işləyirik və ümid edirəm ki, biz onu tezliklə tamamlayacağıq. Məqsəd odur ki, bizim mövcud olan güclü əməkdaşlığımızı daha da möhkəmləndirək. Azərbaycanın ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır. Həmçinin Aİ Azərbaycana ən çox investisiya qoyan aktordur və biz bunu genişləndirmək istəyirik”, – o vurğulayıb.

Ursula von der Leyen qeyd edib ki, İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro Azərbaycana cəlb olunur: “25 min azərbaycanlı kiçik və orta sahibkara dəstək, Bakı Limanının dayanıqlı haba çevrilməsi istiqamətində işlər görülür ki, bu bizim üçün vacibdir. Çünki bu əlaqələnmə ilə bağlıdır. Biz həmçinin xalqlarımızı bir-birinə necə yaxınlaşdırmağı müzakirə etdik. Aİ Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq üçün Azərbaycanla işləmək istəyir. Ona görə də biz Trans-Xəzər əlaqələnməsi ilə bağlı müzakirələri yaxından izləyirik və maraqlanırıq.


Eyni zamanda, biz ortaq Aviasiya sahəsi ilə bağlı sazişi tamamlamaq istəyirik. Bu turizm, biznes və ticarətə təkan verəcək. Azərbaycanın öz potensialından tam istifadəsi üçün onun etimad mühiti yaratması vacibdir ki, burada da vətəndaş cəmiyyətinin fəal iştirakı, azad və müstəqil medianın təminatı əsas elementlərdir. Aİ inkişaf edən və stabil Cənubi Qafqazın yaradılmasına sadiqdir. Biz minalardan təmizlənməyə maliyyə dəstəyində ən böyük donoruq. Bu sahəyə yeni maliyyə dəstəyini bu günlərdə elan etdik. Biz mexaniki avadanlıq və lazımı qabiliyyətlərin artırılmasına da dəstək verməyə hazırıq. Biz Azərbaycanla əməkdaşlığımız dəyərləndiririk və zamanla bu tərəfdaşlıq davamlı şəkildə dərinləşəcək və inkişaf edəcək”.