Valentina Antonenko İlham Əliyevə təşəkkür etdi

46

Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru Valentina Antonenko Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Elchi.az məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident.
İcazə verin, Sizə səmimi salamlarımı və dərin ehtiramımı ifadə edim. Xeyirxahlığınıza görə Sizə ürəkdən təşəkkür edirəm.
Məlum olduğu kimi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbimizə Ukraynadakı hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymişdi. Sizin göstərişinizlə “SOCAR Energy Ukrayna” şirkəti məktəbimizi yeni tədris ilinədək yüksək səviyyədə təmir etdirib. Məhz Sizin sayənizdə şagirdlərimiz təhsillərini gözəl təmir olunmuş sinif otaqlarında davam etdirəcəklər. Böyük sevinc hissi keçirən şagirdlərimizin Sizə və ailənizə dualarını, xoş arzularını çatdırmaqdan məmnunam.
Möhtərəm cənab Prezident, məktəbimizin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundakı akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ilə dostluq əlaqələri var. Fürsətdən istifadə edərək Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiramımı bildirirəm.
Cənab Prezident, biz Sizi müdrik dövlət xadimi, doğma xalqına dərindən bağlı bir şəxsiyyət kimi tanıyırıq. Sizə hər zaman böyük qələbələr, möhkəm cansağlığı, rifah arzulayırıq”.