“Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladılar. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı və ağır zərbələr endirdilər”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili İlham Məmmədov FB hesabında bildirib:
“44 gün davam edən vətən müharibəsi noyabrın 10-da qələbə ilə başa çatdı və tarixə “Zəfər Yürüşü” adı ilə daxil oldu. Müzəffər ali baş komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Müharibə dövründə əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın şəhid olması bizi çox kədərləndirdi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
Müharibə bitdikdən sonra ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi istiqamətində əsaslı və əməli addımlar atılmış, onları narahat edən məsələlər yerindəcə həllini tapmışdır.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Azərbaycanın 44 gündə apardığı haqq savaşı, ordumuzun şücaətləri, Prezidentimizin uzaqgörən siyasəti və iradəsi bütün dünyanı heyrətləndirdi. Bütün dünya Azərbaycandan nümünə götürməyə başladı. Biz regionda yeni reallıqlar yaratdıq. Azərbaycan Cənubi Qafqazın regionunun aparıcı dövlətidir. Ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yaradılmış təhdidlər isə Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun gücü sayəsində aradan qaldırıldı. Artıq Azərbaycan ancaq və ancaq parlaq gələcək haqqında düşünür, bu istiqamətdə çalışır, beynəlxalq nüfuzunu yüksəldir, gücünü artırır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Yeganə