Uzanan müharibə: Rusiya üstündür yoxsa Ukrayna?

53

“Rusiyanın Ukraynada apardığı təcavüzkar siyasətin perspektivləri qaranlıq olaraq qalır, taleyin Kiyevin üzünə güləcəyi ilə bağlı informasiyalar dolaşsa da, bunu dəqiqləşdirən tutarlı əlamətlər görünmür”.

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib.

Onun sözlərinə görə, Ukraynanın xeyrinə təkcə bilinən əsl həqiqət budur ki, Volodimir Zelenski işğal edilmiş ərazilərin geri qaytarılması üçün əks-hücum əmri verib, hərçənd ki, hələ də bir irəliləyişdən söhbət getmir:

“İşğal demişkən, Rusiyanın nəzarətində olan ərazilər elə də balaca zolaq sayıla bilməz, Ukraynanın şərqi, cənub-şərqi rus qoşunlarının idarəçiliyindədir və bu vəziyyət Moskvanı qane etməsə də, ona situativ üstünlük verir.
Rusiyanın son bir ayda ciddi uğur qazana bilməməsi iki səbəblə əlaqəlidir və Kreml bundan yaranan nəticəni əlində saxlayıb Ukraynanın qüvvələrini tükəndirən taktika yeridir.
Ukrayna isə Qərbdən aldığı silahlardan istifadə etməklə Rusiyanın mövqelərini parça-parça etmək səylərini artırır, lakin ərazilərə nəzarətdə fərqli bir mənzərə hələ ki, reallaşmayıb.
Tərəflərdən heç biri ortaq məxrəclə atəşkəsə razı deyil, Rusiya Prezidenti Vladimir Putin inanır ki, Ukraynanı məğlub edəcək, Ukrayna lideri Volodimir Zelenski isə əminliklə söyləyir ki, ölkə qəti qələbə qazanacaqlar.
Buna görə də, müharibənin müddətinin aylarla, hətta illərlə uzanması riski çoxalır, Ukraynanın həlledici bir üstünlüyə yiyələnməsi Qərbin tədarük edəcəyi silahların gücündən və ixrac sürətindən asılı olacaq.
Əgər tərəflərin şərtləri bu tempdə qalsa, uzun və yorucu müharibə tərəflərdən birini yoruncaya və qüvvələrini tükəndirəncəyə qədər davam edəcək.
Nəzərə almaq lazımdır ki, Rusiya qüvvələri ciddi şəkildə şəxsi heyət və texnika itkiləri yaşayacağı təqdirdə belə, onun rezerv anbarları doludur, Ukraynadakı müharibənin gedişatı isə daxildə Putinin devrilməsi həddinə qədər yüksəlməyib.
Ukraynanın isə silahları məhduddur, daha çox NATO ölkələrinin tədarük potensialından asılıdır, bir neçə günlük qıtlıq belə Rusiya üçün əlverişli fürsətə çevrilir.
Ancaq Ukrayna ordusunun döyüş ruhu yüksəkdir, Rusiya canlı qüvvə vasitəsilə döyüş aparmaqda zəifdir, sürprizlər isə təchizat problemləri yaradır və rus qoşunlarında pərakəndəliyi artırır.
Ukrayna müasir üsullarla döyüş aparır, Rusiya isə köhnəlmiş metodları özünün hərbi taktikasından ayırmayıb.
Rusiyanın bundan sonra əsasən canlı qüvvə hesabına geniş ərazilərə tutacağı müşkülə dönüb, ona görə də, Kreml daha çox raketləri və artilleriya qurğularının düyməsinə basılmasını əmr edir”.

A.Kərimov vurğulayıb ki, qarşıdan payız və qış gəlir, müharibə davam etsə, həmin fəsillərdə Qərbin enerji resurslarına asılılığı aşkar görünəcək və bu zaman Rusiya Qərbi proseslərdən kənarda tutmaqdan ötrü rıçaqlardan bacarıqla istifadə edəcək:

“Türkiyənin hesabına Ukrayna limanlarında qalan taxıl dünya bazarlarına çıxsa da, Rusiya yenidən qapıları qıfıllamaq imkanına sahibdir.
Rusiyanın əlindəki kartlardan biri də Zaporojye atom elektrik stansiyasıdır ki, bu da Avropanı qorxutma aktının tərkib hissəsidir.
Ukraynanın Rusiyaya təzyiq aparatı Qərbin sanksiyalarına söykənir, hərbi parametlərə gəlincə, Kiyev Moskvaya təsir etmək imkanlarına malik deyil.
Sanksiyaların bumeranq effekti verərək Qərbin özünü vurması vəziyyəti daha da mürəkkəbləşdirir və Rusiyanı lovğalandıran bir nəticə hasil edir.
Ona görə də, müharibənin nəticələrini proqnozlaşdırmaq çətinləşir, Krıma gəlincə, Ukrayna bir neçə zərbə endirsə də, sonrakı günlərdə bu zərbələr səngidi. Zərbələr Rusiya üçün sarsıdıcı sayıla bilməz”.

Şayəstə