Bu gün Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun görüşü baş tutacaq. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb. İclas Moskvada keçiriləcək.
Qeyd edək ki, sonuncu dəfə baş nazir müavinləri 2021-ci ilin dekabr ayında görüşüb.
Məlum görüşə dair gözləntilərini Elchi.az-la bölüşən Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovun fikrincə, bu gün keçiriləcək görüşdən hansısa konkret nəticələrin əldə ediləcəyini gözləmək düzgün olmazdı:
“Məlumdur ki, demarkasiya və delimitasiya komissiyası bir dəfə Ermənistanla sərhəddə toplanıb. Əlbəttə, 1-2 görüşlə nəticə əldə etmək imkansızdır. Çünki uzun müddətdir ki, iki ölkə arasında həll edilməmiş xeyli məsələ var. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistan bu tipli məsələlərdə özü konkret və müstəqil qərar verə bilən tərəf deyil, onların mövqeləri daha çox Rusiyanın mövqeləri əsasında formalaşır. Bu baxımdan daha çox Rusiyanın mövqeyi bu tipli görüşlərdən nəticə alınıb-alınmamasını müəyyən edəcək. Prosesin başlanması təbii ki, müsbət dəyərləndirilə bilər. Azərbaycan cəmiyyəti üçün önəmli olan konkret nəticələrin əldə edilməsidir”.
Yeganə