Home XƏBƏR LENTİ Türkiyəli nazirdən Qarabağ açıqlaması

Türkiyəli nazirdən Qarabağ açıqlaması

0

Türkiyə özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək və bu istiqamətdə Azərbaycanla birlikdə işləyəcək.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Azərbaycana səfərinin gedişatında bildirib.

Qaraismayıloğlu qeyd edib ki, bu gün – mayın 31-də, işğaldan azad edilmiş rayonlara baş çəkməyi və türk podratçı şirkətlərin işi ilə tanış olmağı planlaşdırır.

Qaraismayıloğlu Qarabağdakı qələbədə Türkiyə xalqının Azərbaycan xalqından az sevinmədiyini vurğulayıb.

“Türkiyə Respublikası özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək, biz birlikdə işləyəcəyik. Bizim həmçinin Naxçıvanda layihələrimiz var. Qısa müddətdə əhəmiyyətli nəqliyyat-loqistika dəhlizlərini təhlil edəcəyik və nəticə əldə edəcəyik”, – Qaraismayıloğlu deyib.

Onun sözlərinə görə, həmçinin türk tranzit şirkətlərinin yollarda yaranan problemlərini müzakirə etmək planlaşdırılır.

“Qarabağın inkişafı üçün zəruri olan avtomobil və dəmir yolları ilə bağlı mühüm görüşlər keçirdik. Güclü şirkətlərimizin dəstəyi ilə plan və layihələr hazırlayacağıq, onları həyata keçirdikdən sonra bu yerləri ən qısa zamanda dünyanın loqistika və nəqliyyat baxımından ən vacib mərkəzlərindən birinə çevirəcəyik. Türkiyə ilə Azərbaycanı keyfiyyətli, rahat və təhlükəsiz yollarla birləşdirmək üçün hər cür səy göstəririk”, – nazir vurğulayıb.

%d bloggers like this: