Türkiyə elə biz özümüzük”

60

Qüdrət Həsənquliyev: “Türkiyənin Azərbaycanda Hulisi Kılıç, Erkan Özoral kimi nüfuzlu, ölkəmizin ictimai-siyasi həyatına bələd, Azərbaycanı sevən səfirləri olub”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinin sorğusunu cavablandırıb. BAXCP sədrinin sorğuya cavabını oxuculara təqdim edirik:
– Qüdrət bəy, Fazil Mustafa Türkiyənin Zəfər bayramına dəvət edilmədiyinə görə öz narazılığını bildirib. Siz də dəvət olunmamışdınız…
– Türkiyənin Azərbaycanda Hulisi Kılıç, Erkan Özoral kimi nüfuzlu, ölkəmizin ictimai-siyasi həyatına bələd, Azərbaycanı sevən səfirləri olub. Mən indiki səfiri tanımadığım kimi o da böyük ehtimalla məni tanımır. Fazil bəy haqlı olsa da, qardaş Türkiyənin səfiri olduğu üçün hörmət etməliyik. Çünki Türkiyə elə biz özümüzük.
ABŞ-ı Azərbaycanda etnik seperatizmi dəstəklədiyinə, Budapeşt memorandumuna imza ataraq Ukraynanı aldadıb nüvə silahını əlindən aldığına, sonra isə müharibədən yayınmaq və Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün yetərli addımlar atmadığına görə tənqid edirəm. Məhz bu səbəbdən onlar da məni daha bayram tədbirlərinə dəvət etmirlər. Heç kim tənqidi sevmir. Türkiyəni isə Birinci Qarabağ savaşında Azərbaycanı ciddi müdafiə etmədiyi üçün tənqid etmişəm. 2015-ci ildə Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsinin vurulmasını yanlış,Türkiyənin maraqlarına cavab verməyən hərəkət saymışam. Ərdoğanın isə 2016-cı ildən sonra yürütdüyü daha müstəqil siyasətin doğru olduğunu bəyan edib. Onun hakimiyyətdə olduğu dövrdə iqtidarı Qarabağı azad etməyə çağırmışam. Qarabağ azad olunandan sonra isə yaradılacaq xatirə kompleksində İlham Əliyevlə yanaşı Ərdoğanın da büstünün, yaxud heykəlinin qoyulmasının ədalətli qərar olacağını söyləmişəm. Mənim Ərdoğana münasibətimin bəzi Türkiyə vətəndaşlarında qıcıq doğurduğunu da bilirəm.
Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olsam da, Rusiya da eyni prinsiplə – tənqid etdiyim üçün – məni bayram tədbirlərinə dəvət etmir. Biz gərək belə şeylərə ciddi əhəmiyyət verməyib milli maraqlardan çıxış edib doğru bildiyimiz mövqeni sərgiləyək.