Tikinti bazarında kəskin bahalaşma…

61

Bu ilin əvvəli ilə müqayisədə altı ayın yekununda Azərbaycanda tikinti materialları ümumilikdə 8-15 % bahalaşıb.
Bu barədə Report-a açıqlamasında ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırov məlumat verib.
O, ayrı-ayrı materialların qiymətində aşağıdakı tendensiyaların olduğunu qeyd edib:
“İlin əvvəli ilə müqayisədə sürtkü və boya məhsulları 15 % civarında bahalaşıb. Bunun səbəbi daşıma və xammal qiymətlərinin artmasıdır. Taxtanın bir kubunun qiyməti hazırda 410 manatdır. Diktin qiyməti son zamanlar kəskin artıb. İlin əvvəlində 6 metrlik dikt 11 manat idisə, indi 17-18 manat olub. Əlcək, çəkic, mismar, laqonda daşları kimi məhsulların qiymətində 35-36 % artım olub. İlin əvvəlində aldığımız qaynaq elektrodları 11 manat idisə, indi 15-16 manatdır. 15-lik metal boruların qiyməti 1,8 manatdan 2,5 manata qədər yüksəlib”.
Bununla yanaşı, onun sözlərinə görə, zavod istehsalı olan armaturların qiyməti ilin əvvəlində 1 400-1 500 manat idi, indi 1 250 manata enib:
“Sexdə istehsal edilən armaturların qiyməti isə o qədər də dəyişməyib. Qum, çınqıl daşları kimi materrialların qiymətində cüzi bahalaşma olub. Misin qiyməti bir ildə 80-100 % artığı üçün kabellər də bu qədər bahalaşıb. Plastik borular, kanalizasiya və su borularının xammalı əvvəllər İran və Türkiyədən alınırdı. İndi İrandan gəlmir. Onların xammalı Koreya, Türkiyə və Dubaydan gəlir və qiymətləri 30 % artıb. Buna görə də bu məhsullar bahalaşıb”.