“Azərbaycanın keçmiş eksklav kəndləri olan Barxudarlı və Sofulunun inzibati sərhədləri Ağstafaçayın yatağına bitişikdir. 1992-ci ilin aprelində erməni terrorçuları yaşayış məntəqələrini işğal edərək, yer üzündən siliblər”.
Elchi.az bildirir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov FB hesabında qeyd edib:
“Düşmən təkcə Barxudarlı dəmir yolu stansiyasını (ESR kodu 55770) deyil, Qazaxdan gedən dəmir yolunun bir hissəsini də tamamilə sökərək, anklavın azərbaycanlı sakinlərini mühasirədə saxlayıb. Bala Cəfərli kəndi ərazisindən Barxudarlıya keçən respublikalararası avtomobil yolu da bu faciəvi aqibəti yaşayıb. Azərbaycana qarşı erməni terroru hələ də davam edir, lakin artıq ekoloji terror formasındadır. Təcavüzkar ölkə eyniadlı (1971-ci ildə tikilmiş) su anbarına axan Ağstafaçayı hər cür pestisidlərlə, o cümlədən, fenol, mis və ağır metal birləşmələri ilə zəhərləyərək, əhalimizə, bütövlükdə heyvandarlığa və əkinçiliyə ziyan vurmağa çalışır.
Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətlərdən biri “mövqeyin dəqiqləşdirməsi” prosesi nəticəsində Ermənistan-Gürcüstan avtomobil yoluna (H53) çıxış olub. Qurum yalnız Qazax rayonu ərazisində 168 kilometrlik seqmentə nəzarət edir. Bunun sayəsində sərhədçilərimiz ermənilərin dağıtdığı Aşağı Əskipara kəndinə yaxınlaşaraq, Ermənistan ərazisindəki üçüncü eksklav olan Yuxarı Əskipara üzərində vizual nəzarəti ələ keçirdilər və əraziyə (İcevan-Noyemberyan və ya Qərbi Azərbaycanın strateji əhəmiyyətli hissəs olan Karvansara – Barana rayonlarına) tam nəzarət edirlər. Aşağı Əskipara kəndi Qazançı dağının yamacında (1443 m), Coğaz çayının mənsəbində yerləşir və 1992-ci ilin iyununda erməni quldur dəstələrinin işğalına məruz qalıb. Düşmən kəndi tamamilə yerlə-yeksan edib, hətta qəbiristanlığı da dağıdıb”.
Yeganə