Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Türkiyəli nazir qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Ancaq Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.
Məlum görüş barədə fikirlərini Elchi.az-la bölüşən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında görüşün keçirilməsi Cənubi Qafqazda mövcud olan yeni çağırışlardan qaynaqlanmış ola bilər.
Analitik vurğulayıb ki, hazırda Cənubi Qafqaz dünya iqtisadiyyatı üçün olduqca önəmli regiona çevrilməyə başlayıb:
“Hər halda bu region son dövrlərdə yeni iqtisadi-ticari tranzit məkanı kimi ön plana keçməlidir. Belə ki, Cənubi Qafqaz bu istiqamətdə həm öz potensialı, həm də Avropa və Asiya arasında birləşdirici məkan olmaqla, cəlbedici görünür.
Ona görə də, dünyanın bir çox nüfuzlu dövlətləri bu regiona can atmaqdadırlar. Üstəlik, Ukrayna savaşında zəifləyərək, beynəlxalq nüfuzunu itirərən Rusiyanın da son vaxtlar Cənubi Qafqazda mövqelərini əldən verməyə başlaması regionda yeni düzənin qurulmasına münbit şərait yaradır”.
E.Xalidbəyli onu da qeyd edib ki, indi Cənubi Qafqaz daha çox Azərbaycan və Türkiyənin geopolitik iradəsi altına düşmüş kimi görünür:
“İranın məhz bu iki müttəfiq türk dövləti ilə əməkdaşlığı artırmaq cəhdləri tamamilə başadüşüləndir. Rəsmi Tehran Cənubi Qafqazın iqtisadi-ticari və geopolitik potensialından İranın maraqları çərçivəsində yararlanmaq istəyir. Xüsusilə də, rəsmi Tehran üçün Azərbaycan və Türkiyə ilə enerji resurslarının dünya bazarına çıxarılması sahəsində əməkdaşlıq olduqca vacibdir. Çünki, həm Azərbaycan, həm də Türkiyə ərazisindən enerji xətləri keçən ölkələrdir. Üstəlik, Azərbaycan və İran arasında Türkmənistan təbii qazının Avropaya nəqli ilə bağlı da müqavilə mövcuddur.
Bütün bunları nəzərə aldıqda, Azərbaycan Türkiyə və İran xarici işlər nazirlərinin yeni üçtərəfli görüşünün daha çox iqtisadi-ticari, enerji resurslarının nəqli və geopolitik proseslərə həsr oluna biləcəyi qətiyyən istisna deyil”.
Yeganə