“Taliban kartı” işə salınıb?- Rusiya səfirliyinə hücumun pərdəarxası…

55

“Dünən Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Hadisə Rusiya səfirliyinin yaxınlığında olub. Məlumata görə, təxminən 20 adam ölüb. Onlardan 2-si Rusiya səfirliyinin əməkdaşıdır”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Təxminən bir ildir ki, Əfqanıstanda “Taliban” rejimi hakimiyyətdədir. Ölkədə yeni hakimiyyət qurulandan sonra bir çox ekspert düşünürdü ki, bu, ən çox Çin, İran və Rusiya üçün arzuolunmazdır. Həmin analitiklərin fikrinə görə, Qərb istənilən vaxt “Taliban” kartından onlara qarşı istifadə edə bilər. Həmin vaxt çatıbmı?
İndiyədək Kabildə xeyli partlayış baş verib. Lakin Rusiya səfirliyinin hədəf alınması ilkdir. Diplomatların ölməsi faktı ərazinin təsadüfən seçilmədiyini və terrorun məqsədli şəkildə baş verməsi ehtimalını artırır.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov hadisəni pisləyib və bunun terror aktı olduğunu söyləyib. Yəqin, yaxın vaxtlarda Rusiya XİN də məsələyə münasibət bildirəcək.
Düşünürəm ki, partlayış təsadüfi deyil. İki diplomatın ölümü ilə nəticələnən hadisə heç vaxt təsadüf ola bilməz”.

K.Novruzovun sözlərinə görə, son vaxtlar Qərblə Kreml arasında münasibətlər daha da gərginləşməkdədir:

“Bunu bir sıra regionlarda, o cümlədən Şərqi Avropada və Cənubi Qafqazda baş verən hadisələrdə hiss etmək mümkündür. Rusiyanın müqaviməti ABŞ başda olmaqla bir sıra Qərb dövlətlərinin məqsədinin reallaşmasına mane olur. İstisna deyil ki, Qərb Kabildə baş vermiş partlayışla Rusiyaya xəbərdarlıq etmək istəyib. Əlbəttə, Əfqanıstanda partlayışların baş verməsi rəsmi Moskva üçün o qədər də qorxulu deyil. Amma dünənki hadisə onu göstərir ki, səfirliyə hücumlar təkrarlana bilər. Həmçinin “Taliban”ın gələcəkdə Rusiya üçün daha böyük təhlükələr yaratması, sərhəddə gərginliyin baş verməsi və s. mümkündür. Əlbəttə, bu, Rusiya üçün heç də arzuolunan deyil. Onsuz da indi Kremlin problemləri kifayət qədərdir.
Kabildəki partlayışda birbaşa Qərbi günahlandırmaq çətindir. Ən azından ona görə ki, əvvəllər də dəfələrlə oxşar hadisələr baş verib. Yəni ABŞ və müttəfiqləri asanlıqla ittihamı rədd edə bilərlər. Hətta Kremlin Qərbi ittiham etməsi əlavə gərginliyə səbəb ola bilər. Hərçənd Moskvada da başa düşürlər ki, Qərbin bu işdə əlinin olması ehtimalı böyükdür.
Beləliklə, müxtəlif təzyiq mexanizmləri, o cümlədən “Taliban” vasitəsilə Qərbin Kremlə təzyiqlərinin artacağı gözləniləndir”.

Yeganə