“Tərtər işi”ndə zərərçəkənlərin sayı – Şok rəqəm

50

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Tərtər işi” ilə bağlı yaydığı geniş hesabatda qeyd olunub.

Bildirilib ki, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə indiyədək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.

Buna baxmayaraq, 405 zərərçəkən hələ son hədd deyil.

“İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, Feysbuk, Teleqram, Tvitter) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur”, – məlumatda qeyd olunub.