Şuşa Bəyannaməsi ortaq milli-mənəvi dəyərlərə sədaqətin nümunəsidir

7

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Əziz həmvətənlər,

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini strateji müstəviyə daşıyan tarixi Şuşa Bəyannaməsinin imzalanmasından 1 il keçir. Ötən 1 il ərzində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı Şuşa Bəyannaməsindən irəli gələn mühüm addımlar atılıb, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı önəmli qərarlar qəbul edilib.

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında iki qardaş xalqın və dövlətin birgə və hərtərəfli inkişafına xidmət edən, ortaq dil, tarix və mədəniyyət üzərində qurulan dostluq, qardaşlıq, tərəfdaşlıq əlqələrini müasir dövlətlərarası münasibətlərin ən yüksək zirvəsinə qaldıran tarixi sənəddir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan xalqlarının qardaşlıqdan yoğrulan birliyinin və həmrəyliyinin rəmzi, milli və siyasi iradənin təntənəsidir. Bu baxımdan, Şuşa Bəyannaməsi iki dövlət arasındakı strateji müttəfiqliyi ifadə edən sənəddən daha böyük, özündə Azərbaycan və Türkiyənin qardaş xalqlarının çoxəsrlik arzularını ifadə edən tarixi, siyasi, milli-mənəvi əhəmiyyətə malikdir.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının sözdən, fikirdən əmələ keçməsi, ortaq dəyərlər, ortaq maraqlar və ortaq hədəflər müstəvisində inkişaf etdirilməsi və nəhayət, Şuşa Bəyannaməsi kimi tarixi bir sənədlə siyasi-hüquqi status qazanması haqqında söz açarkən, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılmasında müstəsna rol oynayan, siyasi iradə və qətiyyət nümayiş etdirən prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın xidmətlərini qiymətləndirməmək mümkün deyil. Vaxtilə azərbaycanlı köçkünlərin Kəlbəcər rayonundan çıxarılması üçün ölkəmizə iki mülki helikopter verməkdən imtina edən, Azərbaycan ərazilərinin işğalı dövründə Qərbin təzyiqləri qarşısında təcavüzkar Ermənistana taxıl göndərən bir dövlətin çağdaş siyasi rəhbərliyinin öz qardaşlarının haqq işinə hərtərəfli dəstək verməsi, böyük qətiyyət və iradə nümayiş etdirməsi, şübhəsiz ki, türk xalqının milli iradəsini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun komandasının ortaq milli-mənəvi dəyərlərə sədaqətinin nümunəsidir.

Əziz bacı və qardaşlarımız,

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi kimi, həm də Türk Dünyasının mənəvi birliyi, türk dövlətləri arasındakı əlaqələrin genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Ümid edirik ki, Azərbaycan-Türkiyə strateji ittifaqının cazibədarlığı artacaq və daha geniş miqyasda sülhün, əminamanlığın, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm platformaya çevriləcəkdir”.