Şri-Lankada etirazçılar prezident iqamətgahına daxil olub

75

Şri-Lankada etirazçılar prezidentin iqamətgahına daxil olub.

Elchi.az CNN-ə istinadən xəbər verir ki, Şri-Lanka liderinin Kolombodakı rəsmi iqamətgahının ətrafına 100 mindən çox insan toplaşaraq Prezident Qotabaya Rajapaksanı ölkədə iqtisadi böhranı idarə edə bilmədiyinə görə istefaya çağırıb və iqamətgaha daxil olub.

Şri-Lanka televiziyasında yayımlanan videoda da nümayişçilərin polis tərəfindən yerləşdirilən təhlükəsizlik kordonlarını yardıqdan sonra prezident iqamətgahına daxil olduqları göstərilir.

Təhlükəsizlik rəsmiləri bildiriblər ki, Rajapaksa ərazidə deyil və başqa yerə köçürülüb.

Hadisə yerində neçə təhlükəsizlik əməkdaşının olduğu məlum deyil.

Qeyd edək ki, Şri-Lanka ciddi iqtisadi böhranla üzləşib, ölkədə inflyasiya 70%-ə yüksəlib. Aylardır ölkədə yanacaqdan dərmana qədər hər şeyin qıtlığı yaşanır.