Spirtli içkilərin, tütün məmulatlarının sosial şəbəkədə reklamı qadağan edilə bilərmi?

74

“Tütün məmulatlarının, spirtli içkilərin reklamı Azərbaycan Respublikasının “Reklam haqqında” qanunu ilə tənzimlənir. Hazırda televiziya kanallarında tütün məmulatları və spirtli içkilərin reklamı qadağandır, buna əməl olunur. Lakin nəzərə almalıyıq ki, indi insanların ən çox olduqları yer sosial şəbəkələrdir”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev Feysbuk hesabında qeyd edib.

Parlament üzvü bildirib ki, sosial şəbəkə platformaları üzərindən tütün məmulatları və spirtli içkilərin reklamı indiki qanunla doğru-düzgün tənzimlənmir:

” “Reklam haqqında” qanunun 27.2.1 maddəsində deyilir ki, tündlüyü 5%-dən yuxarı olan spirtli içkiləri dövrü mətbu nəşrin üz və arxa qabığında, internet informasiya resurslarının ön səhifəsində reklam etmək olmaz. Qanunda “sosial şəbəkələr” sözü yoxdur.
Sosial tələb və sifariş olarsa, sözügedən qanuna dəyişiklik etmək olar. Qanundakı boşluğa görə kimsə spirtli içkiləri, tütün məmulatlarını reklam edib özünə hüquqi cəhətdən haqq qazandıra bilər. Doğrudan da tütün məmulatları və spirtli içkilərin sosial şəbəkələrdə də reklamının qadağan olunması ilə bağlı cəmiyyətin tələbi, sosial sifarişi olarsa, “Reklam haqqında” qanunun müvafiq maddələrinə dəyişiklik edilə bilər. Ya 27-ci maddəyə bənd əlavə olunmalıdır, ya da mövcud bəndə dəyişiklik edib, “sosial şəbəkələr” sözü yazılmalıdır.
Qanunda “sosial şəbəkə” sözü yoxdur, ümumi “informasiya resursları” var. Bu, qanunla tənzimlənməyib, ona görə də dövlət sosial şəbəkədə gedən bu cür reklamları dayandıra bilməz. Bu, qanunazidd addım olar”.

Yeganə