Bu gün bir dostumla görüşmüşdüm. Ayırılanda əlini məcbur cibimə saldı. Uzaqlaşandan sonra baxdım ki, 4 000 manat. Gözlərimə inanmadım. Bir də saydım, yenə inanmadım, bir də saydım, gördüm, yox e, 40 dənə şax yüzlükdür. İstədim, zəng edib ağzıma gələni deyim ki, bu nə hərəkətdir. Qorxdum, fikirləşdim, dedim, birdən deyər, qaytar gətir pulumu. Zəng eləmədim. Özümü ən yaxındakı pivəxanaya çatdırdım.
Dostumun acığından bahalı restoranın üçüncü mərtəbəsinə çıxdım. İndi burda oturmuşam. Bir çaydan çay içdim, susuzluğum yatmadı. Həm də adamın cibində dörd min manatı ola, pivəxanada otura, pivə içməyə, allaha rəva deyil. İmam Hüseyn də götürməz bu haqsızlığı.
Pivədən bir, iki, üçüncüyə dodağımı vurmuşdum ki, Rəhim Rəhimli aman vermədi. Göyə də çıxırsan, Rəhim əl çəkmir. Ofsiantka Rəhim pərəstişkarıymış, çevir tatı, vur tatı, çevir tatı, vur tatı, onun mahnısın qoyur. Həm də zəhləm gedən mahnısını, «quzu kəsərəm». Kəsərəm, kəsərəm, mən kəsərəm, quzu kəsərəm zad. İstədim, ofsiantkanı çağırıb etiraz edəm ki, sizin hazırda cibində dörd min manatı olan müştəriniz var, bu nə mahnıdır, quzu kəsərəm? Sonra özümü yığışdırdım.
Maraq üçün googledə axtarışa verdim ki, görüm bu mahnının sözləri hansı mənasız şairə aiddir. Tarap, çıxdı, məhşur şair Zahir Abbas. Beynimin mənasız hüceyrələrinə qədər axtardım, belə ad tapmadım. Məcbur olub bu adı da googledə axtarışa verdim. Google bir dünya markası. Mənasız, mənalı, fərqi yoxdur, hamını tanıyır. Tarap, çıxdı ki, bu alababat şair millət vəkili Mahir Abbaszadənin qardaşıdır.
Elə belə, maraq üçün fikirləşdim ki, bu deputat kimdir? Nə qədər əlləşdimsə, yadıma düşmədi. Bu adda deputat olduğu yatam yuxuma girməzdi. Dözdüm, dözə bilmədim, dözdüm, dözə bilmədim, millət vəkili Mahir Abbaszadəni də google, bir dünya markasında axtarışa verdim. Dəhşət, sadəcə, dəhşət. 8 naməlum kitab müəllifi olan məhşur şair Zahir Abbasın deputat qardaşı sən demə dünya şöhrətli passiv millət vəkiliymiş. Hansısa müsahibədə çaşıb deyib ki, YAP məni millət vəkili seçibsə, deməli, mən fəalam.
Milli məclisdə adı olub özü olmayan millət vəkili Mahir Abbaszadə əvvəllər sərt şəkildə bank müdiri olub. Bəlkə özünün də xəbəri yoxdur ki, deputatdır. Seçiciləri saytlarda deyib ki, bu adam bizə qənd-çay, kartof-soğan paylayırdı ki, mənə səs verin, seçilim, sizə pamidor-xiyar da paylayacam.
Qeyd: Bu millət vəkili nəsə xoşuma gəldi, bunun haqqında ətraflı araşdırma aparıb yazacam.