“Şanxay Əməkdaşlıq Təşkilatının sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin söylədikləri prinsipial məsələlər ölkəmizin bu gününün, imkanlarının və potensialının dünya nəhəngləri üçün vacib olduğunu bir daha göstərdi”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı FB hesabında bildirib:
“İlk növbədə, çıxışda Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları təqdim edilərkən bildirildi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verən Azərbaycan birləşdirici güc rolunu oynayır. İldə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən əsas həlqədir. 2022-ci ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit yüklərinin 50 faizə yaxın artması ölkəmizin təhlükəsiz və etibarlı tərəfdaş rolunun gücləndiyini göstərir. Xəzər dənizində 52 gəmi ilə ən böyük mülki yük donanmasına malik olan Azərbaycan dəniz ticarətində başlıca rol oynayır. Bakı gəmiqayırma zavodunun bütün növ gəmilər istehsal etmək imkanlarının söylənilməsi yaxın illərdə yeni sifarişlərin alınacağından xəbər verir. Çıxışda son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmiryolunun tikilməsinin və ya əsaslı təmir edilməsinin, 44 günlük müharibədəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmiryolu tikilməsinin deyilməsi təkcə dövlətimizin gücü deyil, eyni zamanda nəqliyyat-kommunikasiyaya xüsusi diqqət yetirildiyini sübut edir. 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olan Azərbaycan bu sahədə rəqib tanımır. 2024-cü ilin sonuna qədər beynəlxalq hava limanlarının sayının 9-a çatması Azərbaycanın hava nəqliyyatına xüsusi diqqət yetirdiyini göstərir. Dövlət başçısının Qarabağ münaqişəsinin həllindən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıldığını, Zəngəzur dəhlizinin açılması məsələsini yeni böyük platformada gündəliyə gətirməsi və marşrut boyunda yerləşən bütün ölkələr üçün faydalı olacağını deməsi Azərbaycanı daha da cəlbedici edir. Dəhlizin açılmasının region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracağını, bunu Zəngəzur dəhlizinin açılması və Ermənistanla sülh müqaviləsinin imzalanması zəruriliyi ilə əlaqələndirməsi, ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsipin təqdim edildiyini, ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamağın zəruriliyini bildirməsi dövlət başçımızın siyasi və iqtisadi diplomatiyanı uğurlu əlaqələdirilməsi olub, tərəfdaşlarımızın artmasına gətirəcəkdir. İkincisi, Zəngəzur dəhlizinin açılmasına çalışmaq əvəzində Ermənistanın sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsini sammit iştirakçılarının diqqətinə çatdırması Prezidentin Azərbaycanın maraqlarını digər dövlətlərin maraqları ilə məharətlə uzlaşdırdığını sübut edir. Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə almasının yüksək kürsüdən söylənilməsi isə gələcəkdə törədilə biləcək belə hadisələrə verilən cavabın adekvat olacağını bəyan edilməsi deməkdir. Ermənistan bundan dərs almalıdır. Sammit iştirakçılarının diqqətinə birmənalı olaraq çatdırıldı ki, baş verən təxribat üçün bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu isə Şanxay Əməkdaşlıq Təşkilatı platformasında da rəsmi İrəvanın dalana dirənməsi deməkdir. Üçüncüsü, çıxışda dövlət başçımızın bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyini, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun illər boyu yerinə yetirilməməsini qeyd etməsi, onları Azərbaycanın özünün həll etdiyi deməsi həm həmin təşkilatlarda islahatların aparılması zəruriliyini, həm də Azərbaycan rəhbərinin dünya problemlərinin həllini dərindən bilən lider olduğunu yenidən göstərir. Dördüncüsü, dövlət başçısının 2019-cu ildən etibarən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsini və bu sədrliyin müddətinin artırılmasını söyləməsi dövlətimizə olan hörmət və etimadın Şanxay Əməkdaşlıq Təşklatına üzv olan ölkələrə bir daha təqdim edilməsidir. Nəhayət, dövlət başçımızın bundan sonra da Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini bildirməsi göstərir ki, dövlətimizin beynəlxalq nüfuzu daha da artacaq, tərəfdaşları çoxalacaq, Ermənistan isə yenə də ayaqaltı ölkə olaraq qalacaqdır”.
Şayəstə