Şamaxıda törədilmiş 1918-ci il mart soyqırımı belorus əsilli fotoqrafın gözü ilə

95

 

 

3

Erməni millətçilərinin türk dünyasına qarşı apardığı soyqırım və təcavüz siyasətinin bir məqsədi var, uydurma “Böyük Ermənistan” dövləti qurmaq. Bu məqsədə çatmaq üçün əsrlər boyu Azərbaycan mərhələlərlə erməni terror və vandalizminin qurbanına çevirilmişdir.

Ermənilərin törətdiyi bu vəhşiliklər həmin dövrdə çap olunan dövrü mətbuatda, tarixi sənədlərdə və fotoşəkillərdə öz əksini tapmışdır. Bəhs etdiyimiz hadisələrin obyektiv araşdırılması üçün sonuncular rolu təkzibedilməzdir.

1918-ci il 30 martın-1 aprel tarixlərində S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti və “Daşnaksütun” partiyası Azərbaycanda yaşından və cinsindən asılı olmadan, yalnız milli mənsubiyyətə görə minlərlə insanı məhv etmiş, onların evləri yandırılaraq yararsız hala salınmışdır. Üç gün (30 mart-1 aprel) davam edən qırğın və qarətlər nəticəsində Bakıda “əksinqilabçı” adı ilə 12 min nəfər dinc azərbaycanlı qətlə yetirilmişdir. Şəhərdə müsəlmanların kütləvi ibadət yerlərindən olan “Təzəpir” məscidi top mərmilərindən ciddi ziyan görmüş, Müsəlman Xeyriyyə cəmiyyətinin binası olan “İsmailiyyə”, “Açıq söz” qəzetinin redaksiyası və “Kaspi” mətbəəsi isə yandırılaraq məhv edilmişdir. Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan sonra Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrində azərbaycanlılara qarşı kütləvi qırğınlar və talanlar həyata keçirmişdilər.

1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması bütün türk-müsəlman dünyasında çox mühüm tarixi hadisə idi. AXC-nin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi. Milli hökumət və Milli Şura iyunun 16-da Tiflisdən Gəncəyə köçür. Bu andan etibarən Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyini yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün AXC Hökuməti 15 iyul 1918-ci il tarixində əvvəlcə Xarici işlər nazirliyi yanında, daha sonra ədliyyə nazirliyinə tabe edilmiş Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılması haqqında qərar qəbul etdi. 1918-ci il avqust ayından 1919-cu ilin noyabr ayına qədər komissiyanın böyük həcmdə topladığı kompleks materiallarda erməni millətçiləri tərəfindən müsəlman əhalisinin kütləvi surətdə məhv edilməsi və ona külli miqdarda maddi ziyan vurulması öz əksini tapmışdır.

Əvvəldə də qeyd etdiyimiz kimi komissiyanın təhqiqatları zamanı çəkilmiş olan fotoşəkillər xüsusi diqqətə layiqdir. Belə ki, komissiya üzvləri daşnak silahlı dəstələri tərəfindən Bakıda və regionlarda dağıdılmış tikililərə baxışlar keçirən zaman onların müvafiq sənədlərinin tərtibilə yanaşı, fotoçəklişlər də etmiş və onları protokollaşdırmışlar. 1919-cu ildə Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyyətinə 95 fotoşəkil və 80 diapozitiv göndərilmişdir. Lakin onların respublika ərazisində uzun illər axtarışları heç bir nəticə verməmişdir. AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi 2007-2011-ci illər ərzində bu fotomaterialların axtarışı ilə məşğul olmuşdur. Fotomateriallar ABŞ-da tarixi şəkillər və sənədlər toplayan şəxsin kolleksiyasında saxlanılırmış. Bu qiymətli və təkzib olunmaz foto-dəlillərin surətləri çoxmilyonlu arxiv fondlarına malik Beynəlxalq Sosial Tarix İnstitutunun (Amsterdam şəh.) fondlarında qorunmaqdadır.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) zəngin fondlarından olan Sənədli Mənbələr fondunda (SMF) da yuxarıda qeyd olunan qiymətsiz fotomaterialların foto-surəti mühafizə olunur. Bu fotomateriallar FTK-nın tərkibində fəaliyyət göstərən ekspert-fotoqraflar – N.LitvintsevL.Daşkeviç tərəfindən çəkilmişdir. Onlar bu xidmətlərinə görə digər FTK üzvləri qədər diqqətə layiqdirlər.

Onlardan biri haqqında olan məlumatları bir araya toplamaq qərarına gəldik. Beləki, Belorus əsilli fotoqraf, tədqiqatçı, fransız dili və fizika müəllimi Lev Urbanoviç Daşkeviç 31 yanvar 1882-ci ildə Minskdə zadəgan ailəsində anadan olmuşdur. Fotoqrafın uşaqlıq və gənclik illəri haqqında məlumat çox azdır. Evdə xüsusi müəllimədən fransız dili dərsləri alan L.Daşkeviç kimyəvi təcrübələr və fotoşəkillərlə maraqlanması ailə üzvlərinin xatirələrində qeyd olunur.

Ali təhsilini başa vurduqdan sonra o, 1911-ci ildə Azərbaycanın İrəvan quberniyasında yerləşən gimnaziyada fransız dili müəllimi kimi işləmək təklifi alır. 1913-cü ildən isə L.Daşkeviç Azərbaycanın digər quberniyası – Yelizavetpoldakı (indiki Gəncə şəhəri) gimnaziyada fransız dili ilə yanaşı, fizika fənnini də tədris edir. Burada o, foto sənətini davam etdirir, etnoqrafik ekspedisiyalarda iştirak edir, istedadlı fotoqraf kimi şöhrət qazanır. 27 aprel 1920-ci ilə qədər L.Daşkeviç AXC hökumətinin fotoqrafı vəzifəsində çalışır.

Qey edildiyi kimi, FTK üzvləri qruplara bölünərək Azərbaycanın bölgələrində 1918-ci il mart ayından başlayan və bəzi bölgələrdə Qafqaz İslam Ordusunun gəlişinə – sentyabr ayına qədər davam edən soyqırımın geniş təhqiqinə başlayırlar. FTK-nın üzvlərindən A.Novatski, İ.ŞahmalıyevN.Mixaylovun rəhbərlik etdikləri təhqiqat qruplarına ekspert fotoqraf qismində L.Daşkeviç də daxil olur.

Fotoqrafın Şamaxı şəhəri və kəndlərində çəkdiyi fotoşəkillərin ümumi sayı 62 ədəddir. Onlardan 45-i şəhərin özündə, 17-si isə kəndlərdə, xüsusilə Əngəxaran, Ağsu, Boyat, Mərzəndigə, Təklə-bəy, Çarhan və Çuxanlıda çəkilmişdir.

Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin panoramik görünüşlü fotoşəkillərində evlərin, müxtəlif təyinatlı tikililərin alovun təsirindən qaralmış divarları ilə yanaşı, ayrı-ayrı iri ölçülü binaların xarabalıqlarını aydın görmək olar. Şəhərin bu hissəsindəki dağıntıların mərkəzində əzəmətli tikililərdən olan “Cümə” məscidinin yanmış divarları və yanğının təsirindən uçub dağılmış minarəsi diqqəti çəkməyə bilməz. Bir sözlə, ilk baxışdan şəhərin müsəlmanlar yaşayan hissəsi bir yığın yanıb kül olmuş xarabalığa bənzəyir.

(şəkil 1)

1

Ekspert-fotoqrafın şəhərin Şamaxının yüksək sosial zümrələrindən olan tacirlərin yaşadığı “Piran-Şirvan” hissəsində çəkdiyi fotoşəkillərdə evlərdəki ağac məmulatından ibarət bütün hissələrin, o cümlədən taxta atmaların da yanıb kül olmasını aydın görmək olur. Evlərin tikilməsi zamanı istifadə olunan ağ rəngli daşların bir hissəsi alovun təsirindən tamamilə qaralmış və kənar təsirlər nəticəsində toz kimi ovulurdu. Tezalışan hissənin olmadığı bir yerdə daş divarın bu dərəcədə yanması bolşevik-daşnak dəstələrinin evləri yandıran zaman alışdırıcı maddədən istifadə etdiklərini təsdiqləyir.

(şəkil 2)2

Şəhərin aşağı hissəsində yerləşən “Böyük bazar (Большой базар)” küçəsinin hər iki tərəfində inşa olunmuş ticarət obyektlərin divarları alovun təsirindən qaralmış, dəmirdən olan dam örtükləri də yanaraq bir hissəsi divarlardan asılı vəziyyətdə qalmış, bir hissəsi isə torpağın üzərinə düşmüşdür. Bəzi kiçik tikililər silahlı dəstələr tərəfindən tamamilə talanması ilə yanaşı, yaşayış üçün də yararsız hala salınmışdır. Bu tikililər də fotoşəkillərdə öz əksini tapmışdır.

(şəkil 3)

3Həmçinin Belorus əsilli fotoqrafın Şamaxıda çəkdiyi fotolar arasında tükürpədici materiallar da mövcuddur. Belə ki, Şıxminas kənd sakini Sultanovun evinin həyətindəki insan sümükləri: kəllə sümüyü, alt çənə sümüyü, qabırğa və onurğa sümüklərinin qalıqları erməni-daşnak hərbi birləşmələrinin törətdiyi vəhşiliklərin bariz nümunəsidir. Bu qeyri-insani hərəkətlər öz təsdiqini şahid ifadələrində də tapmışdır. Sığınacaq üçün bu evə sığınmış əli uşaqlı qadınlar burada silahlı dəstələr tərəfindən qətlə yetirilmişdir. Dəfn olunmamış cəsədlərdən gələn üfunət iyi ətrafa yayılmışdır.

(şəkil 4)

4

1918-ci ilin mart ayından bolşevik-daşnak silahlı dəstələri tərəfindən törədilən vəhşiliklər dinc müsəlman əhali ilə yanaşı, azərbaycanlılar üçün yüksək mənəvi dəyəri olan məscidlərə qarşı da yönəldilmişdir. L.Daşkeviç Azərbaycanın ən qədim məscidlərindən olan Şamaxıda yerləşən Cümə məscidinin müxtəlif istiqamətlərdə yeddi ədəd fotoşəklini çəkmişdir. Fotomateriallardan da göründüyü kimi, düzbucaqlı şəklində ağ daşdan inşa olunmuş məsciddən erməni-daşnak vandalizmi nəticəsində qaralmış dörd divarı qalmışdır.

 

(şəkil 5)

5

Cümə məscidi ilə bərabər bu bölgədə yerləşən müsəlmanların ibadət üçün nəzərdə tutulmuş memarlıq tikililəri – digər məscidlər də məhv edilərək tamamilə yararsız hala salınmışdır. Bu dağıntılar bir daha bolşevik-daşnak birləşmələrinin məqsədlərinin müsəlmanları təkcə cismanı deyil, həm də mənəvi məhv etmələrindən ibarət olduğunu təsdiqləyir.

Belə ki, L.Daşkeviçin kolleksiyasında mövcud olan fotoşəkillərdə Şamaxıda yerləşən pravoslav hərbi və erməni qriqoryan kilsələri də öz əksini tapıb. Bu fotomaterialları nəzərdən keçirən zaman adları qeyd olunan birinci tikilinin heç bir zərər görmədiyini, qapı və pəncərələrin salamat olduğunu aydın görmək mümkündür. İkinci kilsədə də yanğın, dağıntı izləri yoxdur. Qapılar, pəncərələrlə yanaşı tikilini əhatə edən daş hasar da toxunulmamışdır. Bolşevik-daşnak silahlı qüvvələrinin törətdikləri həm soyqırımın, həm də yaşayış, ictimai binaların dağıntı və talanlarının yalnız yerli müsəlman əhaliyə qarşı yönəldiyi bir daha fotoşəkillərdə təsdiqini tapır.

(şəkil 6)6

İstər FTK-nın üzvləri, istərsə də azərbaycanlılara qarşı törədilmiş qeyri-insani hərəkətləri öz fotokamerasının yaddaşına köçürən komissiyanın ekspert-fotoqrafı, L.Daşkeviç çox ağır şəraitdə çalışırdılar. Onlar sağlamlıqlarını təhlükəyə ataraq qapısız, pəncərəsiz, bəzən də damsız evlərdə gecələməli olurdular. Təhqiqat aparılan kəndlər arasındakı məsafələr yalnız piyada olaraq qət edilirdi. Bu da öz növbəsində tez-tez çəkmələrinin sıradan çıxmasına gətirib çıxarırdı. Komissiya üzvlərinin gündəlik aldıqları əmək haqqı isə yalnız onların yemək xərclərini ödəyirdi.

Belarus əsilli fotoqrafın Şamaxıdakı çəkilişlər barədə verdiyi məlumatda onunla birlikdə bu qəzaya təhqiqata gələn komissiya üzvü N.Mixaylovun yolda xəstələnərək Göyçay qəzasında qaldığı qeyd olunur. Fotoqraf isə yoluna davam etmiş və növbəti dörd günü (2-5 noyabr) dağıdılmış şəhərin fotoşəkillərini çəkmişdir. Məlumatın sonunda elementar şəraitin olmaması səbəbindən bəzi fotoların aydınlaşdırılmasının mümkünsüzlüyü də qeyd olunmuşdur.

1918-ci ilin mart-iyul aylarında Şamaxıda baş verən soyqrımın təhqiqatı digər bölgələrdəkinə nisbətən ən ağır və çətin olması ilə yanaşı, həm də daha əsaslı və həcmli nəticələrlə yekunlaşmışdır. Artıq 27 avqust 1919-cu il tarixində “Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində baş vermiş soyqırım” haqqında 7 cild və 925 vərəqdən ibarət istintaq materialı toplanmış və FTK sədri Ə.Xasməmmədov tərəfindən təsdiqlənmişdir.

Şamaxı qəzası və kəndlərin ilə yanaşı L.Daşkeviç Göyçay qəzasına da getmiş və soyqırım törədilmiş kəndlərdə fotoçəkilişlərlə məşğul olmuşdur.

FTK-nın ekspert-fotoqrafları tərəfindən çəkilmiş fotoşəkillər protokollaşdırılmış, onların arxa hissəsində isə həm təhqiqatda iştirak edən komissiya üzvünün, həm də fotoqrafın imzalarını və FTK-nın möhürünü görmək mümkündür. Belə ki, həm Şamaxı, həm də Göyçay qəzasında çəkilmiş fotomaterialların arxa hissəsində fotonun sıra nömrəsi, rus dilində təsviri, fotoqrafın (L.Daşkeviç) imzası, çəkildiyi tarix, FTK-nın üzvünün imzası və komissiyanın möhürü öz əksini tapmışdır. (şəkil 7)

7

Bu gün dünyada qondarma “erməni soyqırımı” iddiaları ilə çıxış edən mənfur qonşularımızın məqsədi türk və azərbaycanlılara qarşı mənfi rəy formalaşdırmaqdır. Bunun əksinə olaraq istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinin diqqətinə ermənilərin azərbaycanlılara qarşı tarixboyu törətdikləri insanlığa sığmayan vəhşiliklərin çatdırılmasında bu fotomaterialların aktuallığını nəzərə alaraq onların əsas sübut kimi tədqiq olunması vacibdir.

Bu yolda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin də mühüm yerini qeyd etmək yerinə düşər. Belə ki, muzeyin ekspozisiyasındakı “Azərbaycanlıların soyqırımları” bölməsində XX əsrdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirmələrinin tarixi faktlara söykənən sənədləri, foto və əşya xarakterli dəlillərin bir qismi nümayiş olunur. Muzeyin yuxarıda adı qeyd olunan bölməsinin azərbaycanlılara qarşı soyqırım həqiqətlərini dünyaya çatdırılması və təbliğində böyük rolu təkzibedilməzdir.

Emin Dadaşov

AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Bakı

elmi işçi

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Piran-Şirvan küçəsinin görünüşü
Şəkil 1. Şəhərin müsəlman hissəsinin ümumi mənzərəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 4. Şıxminas küçəsində Sultanovun evinin həyətində insan sümükləri
Şəkil 3. Böyük Bazar küçəsində dükanların dağıntıları
Şəkil 5. Cümə məscidinin ümumi görünüşü

 

 

 

 

 

 

 

Şəkil 6. Şamaxı şəhərində pravoslav kilsəsi və erməni qriqoryan kilsəsi