Saakaşvilinin ana, nənə və xanımının da əmlakına həbs qoyuldu

13
Tiflis Şəhər Məhkəməsi sabiq prezident Mixail Saakaşvilinin əmlakına həbs qoyub. Məhkəmə bu addımıimg1637888 Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında atıb.
Virtualaz.org saytı Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, sabiq prezidentin əmlakına həbs qoyulması faktını onun vəkili Otar Kaxidze də təsdiqləyib.
Vəkilin sözlərinə görə, Saakaşvilidən başqa onun həyat yoldaşı Sandra Rulofun, həmçinin sabiq prezidentin anasının və nənəsinin də əmlakına həbs qoyulub.
O.Kaxidze bu qərarı qanunsuz adlandırıb: “Sabiq prezident mənimsəmə və talançılıqda yox, dövlət vəsaitini israf etməkdə ittiham edilir. Buna görə də onun və ailə üzvlərinin əmlakına həbs qoyulmasının səbəbləri qaranlıq qalır. Biz məhkəmənin qərarını almışıq. Lakin həmin qərarda buna heç bir ağıllı izah verilmir. Sabiq prezidentin anası ilə nənəsinin əmlakına həbs qoyulması isə ümumiyyətlə gülməlidir. Bunun bir adı var – qisas almaq. Özü də məhkəmə bu qərarı sanki gizlicə qəbul edib. Saakaşvilinin ailəsinə bu barədə heç bir məlumat verilməyib”.
Vəkil bildirib ki, onlar Tiflis Şəhər Məhkəməsinin bu qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək məsələsi üzərində işləyirlər. Çünki qanuna görə, bu məhkəmə qərarı Gürcüstanın özündə mübahisələndirilə bilməz.