“Şəhidlərimizin dəfnində “Ya Hüseyn” “Ya Əbülfəz” şüarlarının səsləndirilməsi YANLIŞDIR”

48

“Dünəndən etibarən əksər sosial şəbəkə istifadəçiləri şəhidlərimizin dəfni zamanı “Ya Hüseyn” “Ya Əbülfəz” və s şüarlar səsləndirən şəxslərə qarşı açıq etrazını bildirən paylaşımlar edir. Hesab edirəm başa düşülən, haqlı və yerində etirazdır”.

Elchi.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev FB hesabında qeyd edib:

“Mən də şəxsən şəhidlərimizin dəfnində bu və bu kimi şüarların səslənməsinin qəti əleyhinəyəm. Lakin məsələyə radikal yanaşma sərgiləyib prosesin fərqli məcraya keçməsinə icazə vermək olmaz.
Məsələ ondadır ki, şəhid cənazələrində həmişə “Ya Hüseyn” və s. kimi şüarlar səslənib. Bu günə qədər də heç kəs buna bu cür sərt etiraz etməyib. Çünki Azərbaycanda kimin hansı dinə inanması, inandığı dinin məzhəbinə etiqad etməsi heç kəsi maraqlandırmır. Hər kəs özü üçün dinini, etiqadını yaşaya bilər. Məhz buna görədir ki, ölkəmizdə müsəlman, xristian, musəvi dninə inananlar, hətta dini inancı olmayan şəxslər belə hər zaman harmoniya ilə yaşayıb.
Həzrəti Peyğəmbərimizin (sav) sevimli və şəhid nəvəsi Həzrəti Hüseyn (ə) gəldikdə isə onun həyatını, etdiklərini bilən dərk edən hər kəs ona hörmət edir. Baxın, birmənalı müqəddəs sayır demirəm, hörmət edir deyirəm. Çünki dini inanclı şəxslər ona din kontekstində, dini inancı olmayanlar isə onun öz dövründə haqsızlığa, zülmə, ədalətsizliyə baş qaldıran bir şəxs kimi hörmət edir.
Bu mənada cəmiyyətin hazırda şəhid dəfnində dini şüarlar səsləndirənlərə qarşı sərt reaksiya verməsi Həzrəti Hüseynə və ya ümumən islam dininin şiə məzhəbinə etiqad edənlərə qarşı yönələn məqsədyönlü bir kampaniya deyil. Cəmiyyətimizi hazırda qəzəbləndirən əsas məsələ şəhid dəfnində dini şüarlar səsləndirənlərin bir dəfə də olsa üzlərini İrana tutub etiraz etməməsidir.
Aydın məsələdir ki, İranın Azərbaycan cəmiyyətində güclü “beşinci kalonu” var və məhz belə həssas dövrlərdə aktivləşir. Əslində şəhid dəfnlərində səslənən dini şüarlar da məhz bu “beşinci kalonun”un provokatorları idi. Lakin bu o demək deyil ki, ölkədə şiə inanclı şəxslərin hamısı büsbütün beşinci kalona xidmət edir. Bir çox şiə inanclı vətəndaşımız özləri də bilmədən bu çirkin oyunun bir parçası olur.
Misal üçün İranın ölkəmizdəki “beşinci kalonu” olan Azərbaycan İslam Müqavimət Cəbhəsi Ermənistan təxribatı nəticəsində həyatını itirən hərbçilərimizə “şəhid” sözü əvəzinə “öldürülmüş” sözünü işlətdi.
Təbii olaraq buna ilk reaksiyanı məhz milli duyğuları olan şiə inanclı insanlarımız verdi.
Etirazlara cavab olaraq Azərbaycan İslam Müqavimət Cəbhəsi bildirdi ki, Qarabağ müharibəsi zamanı həyatını itirən şəxslər şəhid adlanırdı ona görə ki, onlar i̇slam torpağının azad edilməsi uğrunda vuruşurdular. Və “vəliye fəqihin” yəni İranın “ali dini lideri” onlara şəhid deyilməsinə icazə verib.
Hazırda isə Ermənistan-Azərbaycan sərhədində baş verənləri “vəliye fəqih” rəsmi Bakının beynəlxalq sərhədi pozması kimi qəbul etdiyi üçün həyatını itirənləri şəhid deyil, ölmüş adlandırır. Çünki “vəliye fəqihin” əmri budur ki, regionun geosiyasi sərhədləri dəyişməsin və bu işdə kim öldürülürsə, ölüdən başqa bir şey sayılmayacaq.
Yəni belə çıxır ki, vəliye fəqih (“Ali rəhbər”) kimin şəhid, kimin öldürülmüş olmasını beynəlxalq hüquqa əsasən təyin edir. Halbuki islam dininə görə torpaq uğrunda canından keçənlər şəhiddir.
İran islam dini öz imperyalis maraqları namiə istifadə edən bir ölkədir. Şiə inaclı insanlarımız İranın ölkəmizdəki “beşinci kalonu”nun çirkin oyunlarına alət olmamalıdır!”.

Yeganə