“Rusiyaya və Amerikaya Ermənistanın danışıqlarda statusunun artırılması lazımdır”-Politoloq

67

“Ermənistan nəyin hesabına olur-olsun yeni hərbi şərait yaratmaqla statusu dəyişməyə cəhd edir”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov qeyd edib.

Analitikin sözlərinə görə, 44 günlük müharibədən məğlub çıxan Ermənistan çalışır ki, böyük həcmli müharibə görüntüsü yaradıb, orda müəyyən uğurlar əldə etsin və sonra yeni bir müqavilə bağlamaqla əvvəlki 10 noyabr müqaviləsini qüvvədən salsın:

“Bunun nəticəsində də danışıqlarda yeni statusla çıxış edərək, Azərbaycanın qarşısında nisbətən güclü otursun. Bu, erməni cəmiyyətində müzakirə edilən fikir idi və ermənilər buna “subyektivliyin artırılması” adını qoymuşdular. Onlara ağıl verənlər də görünən odur ki, bu barədə onlara dəstək sözü veriblər ki, bu miqyasda təxribata getdilər. İstər Rusiyaya, istərsə də Amerikaya Ermənistanın danışıqlarda statusunun artırılması lazımdır. Bu ölkələrin hər birinin şəxsi maraqları onları ortaq məxrəcdə birləşdirir. Əli güclənmiş Ermənistan Rusiyaya Azərbaycanın qarşısında vaxt qazanmağa və Rusiyanın planlarını həyata keçirməyə dəstək üçün lazımdırsa, Amerika üçün belə Ermənistan regiondakı ölkələrin inkişaf və inteqrasiyasını ləngitmək, siyasi məxrəcə gəlməmək üçün ingibitor (ləngidici) rolu oynamağa lazımdır.
Görünən odur ki, nə qədər Ermənistan bu regionda mövcud olacaqsa, destruktiv oyunların sonu olmayacaq. Ona görə də Azərbaycan Ermənistanla “sülh müqaviləsi” anlayışından əl çəkib, ancaq iki bir-birinə düşmən ölkə prinsipinə görə hərəkət etməlidir.
Ermənistanın dövlətinin və xalqının gələcəyi barədə düşünmək onların havadarlarının və özlərinin işidir. Azərbaycan Ermənistan üçün daha qorxulu düşmənə çevrilməlidir. Adımız gələndə biz tərəfə baxmağın onlara nəyə başa gələcəyini öncədən bilmiş olsunlar”.

Yeganə