“Rusiyanın Azərbaycana böyük ehtiyacı var”

79

Erməni baş nazirin “Azərbaycanın bu mövqeyi, xüsusən də Rusiya Federasiyası tərəfindən paylaşılmır” deyərkən nəyə nail olmaq istədiyi aydındır.

Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşüb. Paşinyan icma üzvlərinin suallarını cavablandırıb. Baş nazir Rusiya səfəri çərçivəsində prezident Putinlə görüşünü, eləcə də Qarabağ probleminin həlli və Azərbaycanla sərhədin demarkasiyası imkanlarını təqdim edib. Baş nazir deyib ki, rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb. “Söhbət Dağlıq Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Aydındır ki, bu mövqe, xüsusən də Rusiya Federasiyası tərəfindən paylaşılmır. Rusiyaya rəsmi səfərim zamanı Rusiya prezidenti ilə mən bəyanat imzaladıq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlıq etməliyik. Yəni Rusiya qeyd edir ki, həlli vacib olan problem var. Bu da məntiqlidir, çünki problem olmasaydı, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri olmazdı”, – Paşinyan bildirib.

Göründüyü kimi, Paşinyan Qarabağ “problemində” özünə dəstək olaraq Rusiyanın mövqeyini qabardıb, Prezident Putini “şahid göstərib”. Erməni baş nazirin dediyinin mənası budur ki, Rusiya Qarabağ probleminin həll edilməsini deyən Bakıya deyil, problemin həll edilmədiyində israr edən ermənilərin dediklərinə inanır. Bəs, əslində həqiqət necədir?

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, Paşinyan bu açıqlamaları ilə Rusiyanın dəstəyini qazanmağa çalışır: “Rusiya Azərbaycanın Türkiyə ilə birlikdə gücünü bilir və bu amillə hesablaşır. Rusiya çox şey istəyə bilər, amma reallıqdan çıxış etmək məcburiyyətindədir. Ara-sıra bəzi Rusiya siyasiləri də bildirirlər ki, sülhməramlılar guya oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçündür. Bu, erməniləri sakitləşdirməyə yönəlik ifadələrdir. Əslində əvvəldən də bu sülhməramlı deyilənlərin statusu müəyyənləşdirilib. Onlar Azərbaycanla Ermənistan arasında ayırıcı, atəşkəsə nəzarət qüvvələri kimi yerləşdirilib. İndi də danışıqlar hansısa ”Dağlıq Qarabağ” məsələsini deyil, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması istiqamətində gedir. Rusiyanın regiona göndərdiyi nümayəndə də bu danışıqların məzmununa uyğun ad daşıyır. Paşinyan nə qədər manevr etsə də, heç bir xeyri olmayacaq”.

AĞ Partiya başqanının müavini, siyasi analitik Rəhim Əhmədzadənin isə məsələyə baxışı belədir: “Paşinyan onun hakimiyyətə gəlməsinə köməklik göstərən xarici qüvvələri inandırmışdı ki, sanki o böyük erməni xülyalarını həyata keçirəcək. Xatırlayırsınızsa, Paşinyan Şuşada rəqs edir, qondarma respublikanın parlamentində çıxışlar edir, böyük-böyük vədlər verirdi. Yaxşı, bütün bunların sonu nə ilə nəticələndi? Azərbaycan tərəfi cəmi 44 gündə Ermənistan tərəfinin 30 ildə ortaya atdığı iddiaları, xəyalları, arzuları tarixin qaranlıq səhifələrində basdırdı. Bir məqamı da qeyd edim ki, Paşinyan nə zaman vəziyyətinin qəliz olduğunu anlasa, dərhal Rusiya yadına düşür. Hətta biz bu hala sonuncu Qarabağ müharibəsi dövründə də rast gəldik. Paşinyanın dedikləri haqqında Azərbaycan ictimaiyyəti haqlı olaraq heç vaxt narahat olmur. Çünki əminliklə bilir ki, elə günü sabah Paşinyan dediklərinin tam əksinə açıqlama verə bilər. Ümumilikdə isə onu deyə bilərəm ki, Paşinyan son dövrlərdəki açıqlama ilə 2 hədəfə istiqamətlənib. Birincisi, ölkədə iqtidarı əleyhinə mümkün kütləvi etiraz dalğasının qarşısını almaq. İkincisi də Qərbi şantaj etmək. Çünki o, Qərbin onu yalnız buraxdığını düşünür. Yuxarıda qeyd etdiklərimə son olaraq əlavə etmək istəyirəm ki, bizlər bütün bu yaşananların fərqində olduğumuz kimi, Rusiya da Paşinyanı yaxşı tanıyır. Əsla ona kart-blanş vermək fikrində deyil”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı düşünür ki, Paşinyan Azərbaycanı Rusiya ilə şantaj edir: “Vladimir Putin Bakıya çox inanır. Çünki bilir ki, Prezident İlham Əliyev həm sözünə, həm də imzasına sadiq siyasətçidir. Rusiya ilə ikitərəfli, qarşılıqlı əlaqələrin qurulmasında İlham Əliyev səmimidir. Bu gün Rusiyanın dövlət maraqları onu diktə edir ki, Azərbaycanla müttəfiqliyini daha da dərinləşdirsin. Bu gün Rusiyanın Azərbaycana, o cümlədən də qardaş Türkiyəyə böyük ehtiyacı var. Putin çox yaxşı bilir ki, Ermənistanın baş naziri Paşinyan Vladivostokdakı etdiyi çıxışında səmimi deyil və Paşinyan daha çox Qərbin çubuğu ilə hərəkət edir. Çünki Paşinyanı Ermənistanda Qərb hakimiyyətə gətirib və Paşinyan Rusiyanı özünün ”qalxanı” kimi təqdim etməyə cəhd edir. Nikol son açıqlamasında bildirir ki, rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə Azərbaycanla ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb. “Söhbət Dağlıq Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Aydındır ki, bu mövqe, xüsusən də Rusiya Federasiyası tərəfindən paylaşılmır. Rusiyaya rəsmi səfərim zamanı Rusiya prezidenti ilə mən bəyanat imzaladıq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlıq etməliyik. Yəni Rusiya qeyd edir ki, həlli vacib olan problem var. Bu da məntiqlidir, çünki problem olmasaydı, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri olmazdı”, – Paşinyan bildirib. Bu bəyanatından da görünür ki, Paşinyan Azərbaycanı Rusiya ilə şantaj edir. Ancaq unudur ki, 44 günlük Vətən müharibəsində dəfələrlə Putin bəyan edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycan öz ərazisinin bərpa olunmasını həyata keçirdir. Bu gün faktiki Prezident İlham Əliyev son 2 iki ildə Azərbaycanın 30 il ərzində işğalda olan 20% torpağının 90%-ni geri qaytarıb. Yerdə qalan ərazilərimizdə də Rusiya sülhməramlı qüvvələrinin nəzarəti var. Bütün dünya, Qərb, o cümlədən BMT, Rusiya və beynəlxalq təşkilatlar Qarabağı, Xankəndini, Xocalını və digər ərazilərimizi Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz öz suverenliyimizin tam bərpasına çalışırıq. Heç kimsə də bizə bunu edə bilməzsiniz deyə bilməz! Sadəcə, Paşinyan, üzr istəyirəm ifadəmə görə, tülkülük edir, Rusiyanın xoşuna gəlmək istəyir. Prezident Putini özünə “şahid göstərir”. Erməni baş nazirin dediyinin mənası budur ki, Rusiya Qarabağ probleminin həll edilməsini deyən Bakıya deyil, problemin həll edilmədiyində israr edən ermənilərin dediklərinə inanır. Rusiya Azərbaycan ərazisi kimi tanıdığı ləğv olunmuş Dağlıq Qarabağ inzibati ərazisindəki probleminin həll edilmədiyini deməklə, prosesi uzatmaq istəyir. Sülh sazişinin əldə olunmasını uzadır. Paşinyanın bilməlidir ki, Rusiya sülhməramlılarını Azərbaycan 5 ilə razılaşıb və artıq bu müddətin 2 ilə arxada qalıb. O ki qaldı, Paşinyan ABŞ və Fransanın “status”la bağlı qanunsuz çağırışlarını niyə o görüşdə yada salmamasına və yalnız Rusiyanın adını çəkməsinə, çox yaxşı bilir ki, Ermənistan məsələsində Qərb bütün imkanları ilə Paşinyan rejimini müdafiə edir. Bax, bu məqamda Qərbin əsl siması görünür. Ukrayna məsələsində Rusiyanı işğalçı dövlət kimi tanıyan və sanksiyalar tətbiq edən Qərb, Azərbaycanın ərazisini işğal edən Ermənistanı bütün imkanları ilə dəstəkləyir, maddi dəstək verir. Bu necə ola bilər ki, bir işğalçı yaxşı olsun, digər işğalçı isə pis?! Qərb bu suala cavab verməlidir”.