Rusiyalı deputatdan Azərbaycana qarşı hörmətsizlik: ikitərəfli əlaqələrə zərbə vurulur

32

“Rusiyalı deputat Vitaliy Milonov ölkə parlamentinin rəhbərinin Bakıya səfəri ərəfəsində Azərbaycanın Ermənistanla sərhəddə təxribat törətməsi ilə bağlı açıqlama verib. O, Bakının Qərbin sifarişlərini yerinə yetirdiyini bildirib. İlk növbədə onu qeyd edək ki, bu günlərdə ABŞ konqresinin nümayəndələr palatasının spikeri Nensi Polosi Ermənistanda səfərdə idi. O, Bakı ilə bağlı birmənalı olmayan açıqlamalar verib. Bu, göstərir ki, hazırkı situasiyada əslində İrəvan Vaşinqtonun maşası rolunu oynayır. Ağ ev regionla bağlı siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edir”.

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“Azərbaycanın bu gün müstəqil xarici siyasət kursu yeritdiyi hər kəsə məlumdur. Bizim həm Rusiya, həm də Qərb ölkələri, o cümlədən ABŞ – la normal münasibətimiz var. Və atdığımız addımları ancaq öz siyasi iradəmiz müəyyənləşdirir. Çünki bunu həyata keçirəcək gücə sahibik. Ermənistan isə regionda “nadinc uşaq” rolunu oynayır. Lazım gələndə Qərbin, lazım gələndə Rusiyanın sifarişlərini yerinə yetirməklə “suları bulandırır”.
Milonovun açıqlamasına gəldikdə isə deməliyik ki, Rusiyada bu cür təbliğatçılar kifayət qədərdir. Onlar külli miqdarda məvacib qarşılığında ideoloqluq edirlər. Nəticədə daxili ictimai rəy çaşdırılır, dövlətlərarası münasibətlərə zərbə vurulur. Əlbəttə, Azərbaycan Rusiya üçün vacib partnyordur. Bunu Kreml ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında saziş imzalanıb. Bundan başqa, şimal qonşumuzun regiondakı maraqlarının təmin olunması Bakı ilə münasibətlərdən asılıdır.
Azərbaycan Ukrayna ilə Rusiya arasındakı müharibədə balanslı siyasət yeridən nadir dövlətlərdəndir. Bütün bunları nəzərə alsaq, deməliyik ki, Milonovun açıqlaması əslində anti – Azərbaycan yox, anti- Rusiya xarakterlidir, dövlət maraqlarına uyğun deyil.
Əlbəttə, hakimiyyətin diktəsi ilə sözügedən deputatın “nəbz yoxlaması” da istisna deyil. Amma bu ehtimal azdır. Əgər belədirsə, deməli, Rusiya Azərbaycanla münasibətlərin korlanmasına hazırdır. Bu, indiki halda ağlabatan görünmür”.

Şayəstə