Rusiya iqtisadiyyatını zəiflədəcək qlobal sanksiyalar…

51

“Avropa İttifaqı Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi hazırlayıb. Bu dəfə paket Baltik ölkələri tərəfindən layihələşdirilib”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov Feysbuk hesabında məlumat verib.

İqtisadçının sözlərinə görə, Estoniya Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanmasında xüsusi təkliflər ilə çıxış edir:

“Səkkizinci paketə enerji, ticarət, daha çox SWIFT qadağaları daxil edilsə də Baltik ölkələri “qara siyahının” genişləndirilməsinin tərəfdarıdır. Rusiyada daha çox vətəndaşa qarşı səfər və digər qadağaların tətbiq olunması təklif olunur. Bununla belə, bütün Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinin dayandırılması təklifi hələlik Brüsseldə birmənalı qarşılanmır. Ancaq, ittifaqa üzv olan bir sıra ölkələr fərdi qaydada bunu edir və ya etməyi düşünürlər.
Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu isə ondan xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar eyni zamanda Qərb ölkələrinin iqtisadiyyatlarına da təsirsiz ötüşmür. Əsas təsirlər isə istehlak bazarında qiymət artımları və enerji təminatında özünü göstərir. Qərb ölkələrində son 40 ildə ən yüksək inflyasiya müşahidə olunur”.

V.Bayramov qeyd edib ki, qlobal sanksiyalar artıq Rusiyanın makroiqtisadi göstəricilərinə təsir göstərməkdədir:

“Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir.
Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən avqust sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir.
Eyni zamanda, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcmini təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür.
Qərb sanksiyaları fonunda Ukraynada müharibə davam edir. Hər gün müharibə qurbanları var”.

Şayəstə