Moskva Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş etiraz notası ilə bağlı rəsmi İrəvandan cavab gözləyir.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Neçayev bildirib.
“Biz Ermənistan Xarici İşlər Nazirliyinə müvafiq notanın göndərilməsini təsdiqləməyə hazırıq, Rusiyanın İrəvandakı səfirliyi tərəfindən müvafiq bəyanat verilib. Biz onlardan cavab gözləyirik”, – Neçayev deyib.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində 16 nəfərin ölümü, 62 nəfərin xəsarət alması ilə nəticələnən partlayış Moskva ilə İrəvanı üz-üzə qoyub. Müxalifət funksionerlərinin “Surmalu” faciəsinin Rusiya tərəfindən törədilməsi barədə açıqlamaları Moskvanı hiddətləndirib. Rusiya tərəfi buna cavab olaraq, İrəvandakı səfirlik vasitəsilə Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.