“Korrupsiya təkcə bir ölkənin bəlasıdır kimi düşünmək sadəlövhlük olardı. Bu nə Azərbaycanın, nə də digər postsovet ölkələrinin bəlasıdır. İnkişaf etmiş ölkələr, Qərb dövlətləri də bu problemdən əziyyət çəkir. Dünya bankının məlumatına görə, inkişaf etmiş ölkələr korrupsiya ucbatından ildə təqribən 40 milyard dollar itirir. Bu çox ciddi rəqəmdir”. Bu sözləri “Olaylar”a açıqlamasında jurnalist, İnsan Hüquqları və Demokratik Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov deyib. Onun sözlərinə görə, hər bir dövlətin borcudur ki, korrupsiya ilə mübarizə aparsın: “Azərbaycan dövləti bu problemi prioritet olaraq qəbul edir və dövlət başçısı bunu hər zaman məmurların nəzərinə çatdırır. Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə hər zaman davam edəcək, cəza, inzibati və digər sistem xarakterli tədbirlər həyata keçiriləcək. “ASAN” xidmətin timsalında bunu görmək mükündür. Həqiqətdir ki, “ASAN xidmət” korrupsiya ilə mübarizədə çox maraqlı və orijinal metoddur. Bu xidmətdən 4 milyona yaxın vətəndaşın istifadəsi böyük göstəricidir. “ASAN” xidmətin fəaliyyətə başlaması nəticəsində korrupsiya və rüşvətlə mübarizədə çox böyük irəliləyiş əldə edilib”.
QHT sədri hesab edir ki, bununla belə görüləsi işlər çox dur: “Bir neçə istiqamətdə sistemli fəaliyyət davam etməlidir. Ən zəruri islahatlardan biri məhkəmə sistemini əhatə etməlidir. “Elektron məhkəmə” layihəsi bu sahədə müəyyən irəliləyişə səbəb olacaq addım sayıla bilər. Digər tərəfdən dövlət orqanlarının fəaliyyətinə ciddi nəzarət olunmalıdır. İqtisadi azadlıqlar təmin olunmalı, hələ də mövcud olan monopoliyanın qarşısı alınmalıdır. Eləcə də məmurlara qarşı ciddi tələblər qoyulmalıdır ki, onlar korrupsiyanın və rüşvətin subyektinə çevrilməkdən imtina etsinlər. Ən mühüm məsələlərdən biri də vətəndaş cəmiyyətinin antikorrupsiya tədbirlərinə dəstək verməsidir. Müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi, ayrı-ayrı sahələr üzrə korrupsiyanın indeksinin müəyyən olunması və müqayisəsi vacibdir. Əldə olunan nəticələr müvafiq dövlət strukturlarına təqdim edilməlidir ki, həmin sahələr dövlətin nəzarətində olsun. İctimai müqavimət olmadan böyük irəliləyişlərə nail olmaq çətindir. İctimai müqavimətin formalaşmasında isə vətəndaş cəmiyyəti institutları öz sözünü deməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinə şəffalıq məsələsini əsas prioritet istiqamətlərdən biri kimi seçməsi QHT-lərin bu sahədə fəaliyyətinin əsas stimullarındandır”.