“Rəsmi Bakı əvvəl-axır öz hədəfinə nail ola biləcək”-Politoloq

53

“Ermənistanın Azərbaycan ilə sərhəd bölgəsində törətdiyi hərbi təxribatlar məqsədyönlü xarakter daşıyır. Həmin məqsədlər isə əsasən, siyasəti məzmun ilə yüklənmiş kimi görünür”.

Bu fikirləri Elchi.az-a açıqlamasında politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli söyləyib:

“Rəsmi İrəvan indiyə qədər əldə olunmuş bütün anlaşmaların yerinə yetirilməsindən israrla yayınmağa cəhd göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması prosesini pozmağa can atır. Rəsmi İrəvan hərbi təxribatlar törətmək ilə buna nail ola biləcəyinə ümid bəsləyir.
Təbii ki, rəsmi Bakı Ermənistan ordusunun Azərbaycan ilə sərhəd bölgəsində törətdiyi təxribatlara sərt reaksiya verməkdə tamamilə haqlıdır. Yəqin ki, Azərbaycan ordusu bundan sonra da Ermənistanın təxribatlarına eyni sərtlikdə cavab verməkdə davam edəcək.
Məsələ ondadır ki, Ermənistana sülh danışıqları prosesini sabotaj edib, uzatmaq imkanı vermək olmaz. Rəsmi Bakı sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında və Azərbaycanın yeni inkişaf mərhələsinə keçirilməsində birbaşa maraqlıdır. Ona görə də, rəsmi Bakının Ermənistanı bütün mümkün vasitələrlə, eləcə də, hərbi təzyiqlər üzərindən yekun sülh sazişinin imzalanmasına məcbur etməsi tamamilə doğru taktikadır.
Ancaq hazırda sərhəd bölgəsində vəziyyət kifayət qədər qəliz götürür. Çünki, Paşinyan hakimiyyəti hamıdan yaxşı bilir ki, Ermənistan ordusu Azərbaycanla hərbi qarşıdurma imkanlarından çox uzaqdır. Yəni, Ermənistan növbəti savaşda Azərbaycan qarşısında çox qısa zaman ərzində məğlub olmağa məhkumdur.
Ona görə də, hesab etmək olar ki, Ermənistanın hərbi təxribatlara cəsarətinin arxasında kənar güclərin rolu var. Çünki, hazırda ABŞ və Qərb Cənubi Qafqaz uğrunda Rusiya ilə amansız mübarizə aparır. Hətta Kreml də rəsmən bəyan edib ki, ABŞ və Qərb Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmağa çalışır.
Bütün bunları nəzərə aldıqda, son günlər Ermənistanın törətdiyi hərbi təxribatların arxasında yalnız Rusiyanın deyil, həm də ABŞ və Qərbin olduğunu düşünmək olar. Və bu iki rəqib öz maraqları ucbatından Cənubi Qafqazda hərbi-siyasi xaos yaratmağa çalışır.
Bütün bu hadisələrin birdəfəlik sona çatdırılması üçün ən doğru yol Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasına nail olmaqdır. Ona görə də, Azərbaycan Ermənistanı sülh sazişini imzalamağa məcbur etməyə çalışmaqda ən doğru istiqamət üzrə irəliləməyə çalışır. Və böyük ehtimalla rəsmi Bakı əvvəl-axır öz hədəfinə nail ola biləcək”.

Yeganə