Xəbər verdiyimiz kimi, bu gün İstanbul şəhərində Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna taxılının Qara dənizdən çıxarılması ilə bağlı saziş imzalanıb.
Elchi.az xəbər verir ki, BMT baş katibi Antonio Quterreş NTV telekanalına müsahibəsində sazişin bir sıra detallarını açıqlayıb.
Quterreş bildirib ki, taxıl gəmiləri dəniz minaları olmayan marşrut üzrə hərəkət edəcək və bu ərazidə heç bir hərbi gəmi olmayacaq.
O qeyd edib ki, “Taxıl daşınması sazişi” adlanan sənədin müddəti üç aydır, lazım olduğu təqdirdə uzadılacaq.
Məlumata görə, tərəflər dəhliz boyunca hərəkət edən gəmilərə heç bir atəşin açılmayacağına razılıq verib, gəmilər tam olaraq təhlükəsiz olacaq.
Baş katibin sözlərinə görə, Rusiya və BMT arasında imzalanan saziş bu ölkənin qida və gübrə məhsullarının ixracına imkan yaratmağına zəmanət verir. Sazişdə bu məhsullara sanksiyaların tətbiq edilməməsinə dair razılıq da yer alıb.
Quterreş İstanbulda müştərək komissiyanın işinə başlaması üçün taxıl daşınmasına dair koordinasiya mərkəzinin təxminən bir neçə günə açılacağını, gəmilərin yola düşməsinin isə limanlarda işlərin tam şəkildə bitdiyindən sonra, təxminən 2 həftəyə mümkün olacağını açıqlayıb.