Qüdrət Həsənquliyev: “Kreml Paşinyanın kimin havasına oynadığını bilir və görür”

44

“Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı. Ermənistan kasıb ermənilərin xeyrinə olsa da Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə Böyük Ermənistan ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir”.

Elchi.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirərkən söyləyib. Millət vəkili həmçinin bölgədə yaranmış son hərbi-siyasi durumla bağlı fikirlərini paylaşıb:

“İlk öncə Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailə üzvülərinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Ondan başlayım ki, mənfur qonşularımız nə sülh, nə də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Paşinyan dünən Ermənistan parlamentində gileylənirdi ki, Ermənistanın pulu var, amma onlara silah satmaq istəyən yoxdur. Soruşmaq lazımdır ki, onda niyə deyirsən ki, Zəngəzurda dəmir yolunu çəkməyə pul yoxdur. Deməli, siz öhdəliklərinizi yerinə yetirməyə pul tapmırsınız, amma silaha pul tapırsınız. Nəyinizə lazımdır silahlanma? Bir dəfə söyləmişdim ki, Ermənistan təxribatlara son qoymalı, Qərblə Rusiya arasında lambada oynamağı dayandırmalı, Azərbaycanla sülh sazişi imzalamalıdır. Avqustun 24-də ABŞ Azərbaycanın münaqişənin bitməsinə dair rəsmi mövqeyini nəzərə almadan artıq mövcud olmayan Minsk qrupuna Filip Rikeri həmsədr təyin etdi. Hər vəchlə Minsk qrupunu canlandırmaq istəyən Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı. Ermənistan kasıb ermənilərin xeyrinə olsa da Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə Böyük Ermənistan ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir. Bunu Rusiya qarşısında kompensasiya etmək üçün münaqişəni uzatmaqla Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətli qalışını təmin edəcəklərinin mesajını veririr, eyni zamanda Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir”.