Ermənistan adlanan qondarma dövlətin tarixi Azərbaycan torpaqlarında qurulduğu heç kimə sirr deyil. Öncə İrəvan, Göyçə, sonra Zəngəzur Azərbaycan türklərindən alınaraq ermənilərə verildi. Ötən əsrin 80-90-cı illərində iştahlanan ermənilər yeni torpaqlar tutmaq üçün Azərbaycanla düşmənçiliyə başladılar. Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal olundu. 27 il işğal altında qalan torpaqlarımız 2020-ci ilin payızında aparılan Vətən savaşı nəticəsində azad edildi.
44 günlük savaş Azərbaycanın əlini gücləndirdi. Ermənistan kapitulyasiya aktna imza atdı. İşğalçı dövlətin qarşısına viran qoyduğu Azərbaycan kənd və qəsəblərinə görə təzminat tələbi qoyulacaq. Ermənistana qarşı 50 milyard manatlıq təzminat davasının açılacağı deyilir. Şərt də qoyulur: düşmən təzminatı verə bilmirsə ötən əsrin 20-ci illərdinə Ermənistana birləşdirilmiş Zəngəzuru qaytarsın. Bu iddia nə dərəcədə realdır? 1988-ci ildə Ermənistandakı evlərindən, ata-baba yurdlarından zorla qovulmuş soydaşlarımız İrəvana qarşı təzminat davası aça bilərmi?
Cebhe.info-ya açıqlamasında mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov deyib ki, 10 noyabr Bəyanatından sonra yeni situasiya yaranıb:
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan və Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşan 44 günlük savaşdan sonra bölgədə status-kvo tamamən dəyişdi. Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ ətrafındakı 7 rayondan və Şuşadan qovulub çıxarıldı. Atəşkəs haqqında 10 noyabr üçtərəfli bəyanatdan sonra yeni mərhələ başlanıb.
Bu mərhələdə qarşımızda həllini gözləyən bir çox məsələlər var. Onlardan ikisinə- mülki əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etmiş canilərin mühakimə edilərək cəzalandırılması və şəhərlərimizin, kəndlərimizin, tarixi-dini-mədəni abidələrimizin, dövlət və şəxsi mülkiyyətin talan edilməsi, məzarlıqların dağıdılması, təhqir edilməsi kimi cinayətlərə, vurulan maddi və mənəvi zərərlrə görə beynəlxalq məhkəməlrdə təzminat davasının açılması məsələsinə diqqəti çəkmək istəyirəm. Bu məsələlər beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmalı və Ermənistan törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır.
Bunun üçün beynəlxalq səviyyədə qəbul edilən Qiymətləndirmə və Hüquq şirkətləri ilə əməkdaşlıq edilməlidir. Hökumətin yanvar ayında keçirilən müşavirəsində bildirildi ki, yanvarın sonlarında Qiymətləndirmə şirkətlərinin təmsilçiləri ölkəyə gəlməlidir. Əgər bu proses ciddi şəkildə aparılıb, beynəlxalq məhkəmədə müvafiq qərar qəbul edilsə, o zaman Ermənistan məhkəmənin müəyyən etdiyi təzminatı ödəməlidir”.
“Vurulan zərər qeyd olunan rəqəmdən dəfələrlə çoxdur”
Politoloq hesab edir ki, Ermənistanın Azərbaycana vurduğu maddi ziyan deyilənlərdən daha çoxdur: “Qeyd etdiyniz 50 milyard dollar rəqəmini ilk səsləndirən Ermənistanın keçmiş Baş prokuroru olub. Əslində isə dəqiq qiymətləndirmə aparılarsa, o zaman aydın olacaq ki, vurulan zərər qeyd olunan rəqəmdən dəfələrlə çoxdur. Sadəcə bu iş ciddi şəkildə və sürətlə aparılmalıdır. Məhkəmənin qərarı olacağı və Ermənistanın həmin ödəmə imkanları olmayacağı təqdirdə, təzminat olaraq Zəngəzurun və ya hansısa tarixi ərazilərin qaytarılması gündəmə gələ bilər. Bunun üçün ancaq və ancaq ciddi, ardıcıl, sistemli və operativ iş aparılaraq nəticə alınmalıdır”.
“Bu, praktik olaraq çətin məsələdir”
Ermənistandan qovulmuş soydaşlarımıza vurulan zərərə görə təzminat ödənilməsinə gəlincə, Oqtay Qasımov hesab edir ki, burada zaman və şərtlər baxımından durum fərqlidir: “Çünki o zaman insanların əhəmiyyətli hissəsi oradakı evlərini dəyişə bildilər. Ona görə bu məsələ nəzəri baxımdan mümkün olsa da, praktik olaraq çətin məsələdir”.
Bir sıra ekspertlər hesab edir ki, bu mərhələdə ötən il bir qrup soydaşımız tərəfindən elan olunmuş İrəvan Türk Cumhuriyyəti də aktiv rol oynamalıdır.
Oqtay Qasımovun fikrincə, bu ideya faydalı işlər görə bilər:
“İrəvan Türk Cumhuriyyəti Ermənistandan qaçqın düşmüş soydaşlarımız tərəfindən elan edilib. Məsələyə baxışda cəmiyyətdə fərqli fikirlər olsa da, tarixi ədalətin bərpası üçün irəli sürülən maraqlı ideyadır.
Keçən il populyar olub ciddi müzakirə mövzusu olan bu məsələ, 44 günlük savaş və ondan sonrakı dönəmdə arxa plana keçsə də, bir müddət sonra yenidən gündəmə gələcəyini düşünürəm. Tarixi torpaqlarımızda qurulmuş Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, qoşunlarını Qarabağın işğal altında qalan digər hissələrindən çıxarıb sülh müqaviləsi imzalamayana qədər bu tip ideyalar haqlı olaraq gündəmə gətiriləcək”.