Qarabağda irəliləyişlər olacaq…

42

“Artıq rus ekspertlər ard-arda Pelosinin səfərindən sonra bu fikri səsləndirməyə başlayıblar ki, “xəyanətkar Ermənistandansa nəyə görə daha faydalı Azərbaycanı seçməyək?”.
Düşünürəm ki, bunu söyləmək üçün bir qədər gecikiblər. Artıq Azərbaycan ictimai fikrində Rusiya öz “dəyərini” alıb. Xüsusilə də 44 Günlük savaşdan sonra işimizi yarımçıq saxlamağımıza səbəbkar, ermənilərə növbəti yardımından və xüsusilə də ondan sonra hələ də işlərin bu qədər düyünə düşməsi Azərbaycan cəmiyyətində onsuzda mənfi reputasiyasına “əlavələr” etmiş oldu”.

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Rusif Məmmədsoy Feysbuk hesabında qeyd edib:

“Bu günün reallıqları isə bir qədər fərqlidir. Sözün düzü mən də gedişatda, daha dəqiq ifadə etsəm fevral ayının 24-nə qədər bir qədər pessimist yanaşırdım proseslərə. Lakin, siyasətdə belə bir söz var “Heç vaxt heç vaxt demə!”. Bu gün Rusiyanın Ukrayna savaşında böyük bir çıxmaza düşməsi, bataqlığa batması özü ilə birlikdə yeni reallıqlar da gətirdi. Həmin reallıqlardan biri də Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarıdır. Həmin əməliyyatlar ki, nəticədə Qarabağda demək olar ki, bütün strateji yüksəkliklər ordumuzun nəzarətindədir. Rusiya əvvəlki gücdə olsaydı bizə qarşı hər cür vasitədən istifadə edəcəkdi. Məncə bu kimsəyə sirr deyil. Zaman keçdikcə, vaxt ötdükcə Rusiya daha da çıxılmaz vəziyyətə düşür. İndi isə maraq dairələri dəyişir. Rusiya Türkiyə və Azərbaycan tandeminə xüsusi diqqətlə yanaşır. Əlbəttə ki, bunun bir sıra səbəbləri var.
Hazırda Ermənistanda çox ciddi anti-rusiya təbliğatı var və getdikcə daha da güclənir. Hətta İrəvan küçələrində divarlara bu sözlər yazılır: “Rədd olsun, ОДКБ (KTMT), rədd olsun Rusiya”. Bilirik ki, Paşinyanın gəlişindən sonra baş verəcəklər az-çox təxmin edilirdi. Nikol Qərbin layihəsi olduğu üçün qarşısına qoyulmuş ciddi vəzifələr var idi. Əsas vəzifə isə Rusiyanın bölgədən sıxışdırıb çıxarılması. Bəlkə də ötən 4 il ərzində nəzərdə tutulmurdu bu proses. Lakin, Ukrayna savaşı və Rusiyanın təsir imkanlarının nisbətən zəifləməsi bu prosesdə də əhəmiyyətli rol oynadı. Ancaq indidən Rusiyanı bölgədən çıxacağını düşünmək də ən azından sadəlövhlük olardı. Hələ də Rusiyanın İrəvan üzərində çox ciddi təzyiq rıçaqları var. Doğrudur, bu öncəki illər qədər güclü deyil, lakin tamamilə də sıradan çıxmayıb.
Hər bir halda Putin Rusiyası Paşinyanı cəzalandırmaq üçün hər şeyi edəcək. Putinin bir çox yaxın dostları öz müsahibəsində, xüsusilə də Fransanın sabiq prezidenti Sarkozi açıqlamalarında bu məsələyə toxunaraq bildirir ki, Putin çox kinli adamdır. Ona edilən xəyanəti heç bir zaman unutmur. Putin özü də bunu dilə gətirir. Jurnalist sual verir ki, “Həyatda bağışlaya bilməyəcəyini nəsə var?” Cavabında bildirir ki, ” Bəli, xəyanət!”.
Bəs, Nikol necə cəzalandırılacaq ?
Düşünürəm ki, Putin Paşinyanı bundan öncə də devirmək və yerinə Rusiyaya daha loyal şəxs gətirmək üçün cəhdlər edib. Hansı ki, həmin cəhdlər uğursuz olub. Hətta savaşdan sonra məğlub bir rəhbər növbədənkənar seçkilərdə növbəti dəfə hakimiyyətə gələrək və bunu mütləq səs çoxluğu ilə edərək tarixə düşdü. Ondan da öncə bunu etmək istəmişdi. Paşinyan hakimiyyətə gəldiyi ilk aylardan Ermənistanda Rusiyaya meylli media sıradan çıxarılmağa başlandı, Putinin yaxın dostu Köçəryan həbsə atıldı. Bundan sonra Putin həbsdə olan dostunun ad gününü təbrik etdi ki, Nikol “həddini aşmasın”. Lakin, heç bir effekt vermədi. Bundan əlavə Rusiyaya bağlı olan revanşistlər, keçmiş Qarabağ klanı üzvləri aksiyalara başladı. Maksimum rəqəm 10.000 oldu. Bu da nəticə vermədi və Nikol tərəfdarları onlardan dəfələrlə çoxdur. Deməli, geriyə hansı yol qalır?
Hesab edirəm ki, Rusiya Ermənistanla bağlı siyasətinə korrektələr etmə mərhələsinə qədəm qoyur. Proseslərə Rusiya prizmasından baxdığımız zaman görünən odur ki, yeganə vasitə Qarabağ məsələsidir. Bizə lazım olan odur ki, Rusiya neytrallığını qorusun. Sadəcə özü deyil, eyni zamanda İranı da neytrallaşdırsın. Məsələnin kuliminasiya nöqtəsi Xankəndidir. Hansı ki, Xankəndidəki separatçıları tərksilah etmək, onları bölgədən uzaqlaşdırmaqla Azərbaycanın bütün bölgədə suverenliyi bərpa olacaq. Bu mənada düşünürəm ki, Qarabağda müəyyən irəliləyişlər müşahidə edə bilərik. Eyni zamanda bu irəliləyiş Laçından yan keçən yolda nəzarətlə bağlı da ola bilər. Hər halda Rusiya nəsə etmək məcburiyyətindədir. Azərbaycan isə əlinə düşən bütün imkanlardan maksimum istifadə etməli, bacardıqca aktiv olmalıdır.
Digər bir məsələ isə Zəngəzur dəhlizidir. Yaxın günlərdə Azərbaycanın təxribatlara qarşılıq olaraq həyata keçirdiyi əməliyyatların məqsədi xüsusilə həmin ərazidə bufer zona yaratmaqdan ibarətdir. Çünki Ermənistanla sərhəddə yerləşən Laçın, Kəlbəcər kimi rayonlar mütəmadi şəkildə atəşə məruz qalır. Belə olan halda tutaq ki, bölgəni tamamilə minalardan təmizlədik, əhalimizi həmin ərazilərə necə köçürəcəyik. Bundan da əlavə, Azərbaycan həmin ərazilərdə yenidənqurmaya milyardlarla vəsait xərcləyir və kimsə təhlükəsizliklə bağlı qarantiya vermir. Ona görə də bu təxribatlara mütləq cavab vermək lazım idi. Ərdoğanın ŞƏT-də (Şanxay Əməkdaşlıq Təşkilatı) dediyi kimi, Azərbaycan öz təhlükəsizliyini bərpa edib. Zəngəzur dəhlizinə gəldikdə isə bu dəhliz həm region üçün, həm də qlobal miqyasda çox əhəmiyyətli bir meqalayihədir. Yəni, bu sadəcə Azərbaycan və Türkiyənin maraqlarına xidmət etmir. Əslində Rusiya da bunda maraqlıdır. Rusiyanın əsas tələbi odur ki, həmin yola özü nəzarət etsin. İran amili də burda ön plana çıxır ki, İran da tamamilə Rusiyanın nəzarətində maraqlı deyil. Ümumiyyətlə bu layihə İran üçün də əlverişli olmasına baxmayaraq maneə olmaq üçün əlindən gələn hər şeyi edir. Lakin, Zəngəzur dəhlizi hər bir halda açılacaq. Nikol qərbdəki tərəfdaşlarına şikayət edir ki, dəhliz sadəcə Laçın üçün keçərlidir və ərazimizdən dəhliz verməyəcəyik. Ermənistan da həmin yola özünün nəzarəti olmasını istəyir.
Hazırda cərəyan edən prosesləri nəzərə alaraq deyə bilərəm ki, müəyyən irəliləyişlərin olacağını gözləyirəm. Lakin, bu məsələlərdə son dərəcə diqqətli olmalı və Qərblə bütün körpüləri də yandırmamalıyıq. Nəzərə alsaq ki, hazırda səfirliklərimizə hücumlar, Pelosinin İrəvan səfərinin arxasında erməni lobbisinin “fəaliyyəti” dayanır. Onu da anlamaq lazımdır ki, diplomatik müstəvidə Azərbaycan ilə Qərb arasında ciddi problemlər, uçurum yoxdur. Xüsusilə də Aİ rəsmilərinin son Azərbaycan səfəri və enerji idxalı bağlı bağlanan sənədlər gələcək perspektivdə əməkdaşlığı daha da dərinləşdirəcək. Həmin sənədin məğzi ondan ibarət idi ki, növbəti illər üçün Azərbaycan Avropaya enerji ixracını 2 dəfəyə qədər artırsın. Qeyd edim ki, Azərbaycan hazırda TANAP vasitəsilə 10 milyard kubmetrə qədər enerji ötürürsə hədəf 20 milyard kubmetrə qədər qaldırmaqdır. Qərbdəki tərəfdaşlarımızı da unutmamalıyıq….”.

Yeganə