Elxan Şahinoğlu: “NATO bazaları Rusiyanın böyük şəhərlərinin bir neçə yüz kilometrliyində yerləşəcək və Kreml bunu həzm etmək məcburiyyətində qalacaq”
Rusiyanın Ukraynada hərbi əməliyyatlara qatılması Qərblə münasibətləri daha da kəskinləşdirib. NATO-nun Rusiyanın Ukrayna siyasətinə qarşı cavab addımları planlaşdırdığı bildirilir. ABŞ dəniz qüvvələrinə məxsus 4 hərbi gəminin Qara dənizə göndərildiyi və Ukrayna ordusu ilə birgə təlimlərin başlaması ilə bağlı xəbərlər yayaılıb.
Ancaq ABŞ hökuməti bəyan edib ki, Rəsmi Vaşınqton Ukraynadakı vəziyyətlə əlaqədar Moskva ilə hərbi münaqişəyə girməyəcək. Bu barədə ABŞ-ın Müdafiə naziri Çak Hagel məlumat verib. Müdafiə naziri Rusiyanı Ukraynada gərginliyi artıran təhlükəli addımlar atmaqda günahlandırıb və bunun rəsmi Moskva üçün nəticəsiz qalmayacağını vurğulayıb.
Bununla belə Hagel qeyd edib ki, ABŞ Rusiya ilə müharibə aparmayacaq. O, ABŞ administrasiyasının Ukraynadakı vəziyyətlə əlaqədar seçdiyi yanaşmanı dəstəklədiyini bildirərək münaqişənin nizamlanmasında diplomatiyaya üstünlük verdiyini ifadə edib. Maraqlıdır ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin ölkəsinin qarşıdurmalara sövq edilərsə, buna çox sərt cavab veriləcəyini bildirib. Sitat: “Ortaqlarımız hansı xarici siyasət yürüdürsə yürütsün, ancaq onu bilsinlər ki, bizimlə qarşıdurma onlara fəlakət gətirər”.
Mövzunu “Yeni Müsavat”a dəyərləndirən politoloq Elxan Şahinoğlu deyir ki, Qərb-Rusiya qarşıdurmasında Rusiya daha çox zərər çəkəcək: “Vladimir Putinin bugünkü siyasəti Rusiyanı geri atır. Bunu sadə riyazi hesablamalar da göstərir. Rusiyanın son hadisələrdən “qazancı” nə oldu? Putin Krımı Rusiyaya birləşdirdi, Ukraynada Dağlıq Qarabağa bənzər separatçı bölgə yaradaraq öz düşüncəsində Kiyevə təsir imkanı əldə etdi. İndi gəlin Rusiyanın real itkilərini hesablayaq. Putin Krımı işğal etdiyinə görə dünyanı soyuq müharibə dövrünə qaytardı, beynəlxalq aləmin ümid etdiyi demokratik və sabit Rusiya xülyası puça çıxdı, ABŞ və Avropa bu ölkə ilə çar dövrü və ya keçmiş SSRİ arasında bərabərlik işarəsi qoydular. Rusiya ən əsası qardaş adlandırdığı Ukraynanı birdəfəlik itirdi, heç bir ukraynalı ölkəsinin parçalanmasını Moskvaya bağışlamayacaq”.
Ekspert deyir ki, Rusiyanın addımları Ukraynanı Qərbə inteqrasiyanı daha da sürətləndirdi: “Ukraynanın Qərbin siyasi, iqtisadi və hərbi institutlarına inteqrasiyasından başqa alternativi qalmayıb. Ukrayna NATO yolunda ciddi irəliləyəcək. Digər tərəfdən NATO Baltikayanı ölkələrdə və Şərqi Avropada yeni hərbi bazaları yaradacaq. Kremlin ən çox qorxduğu başına gəldi. Rusiya rəsmiləri hər zaman “NATO Şərqə doğru irəliləyir” deyib, haray çəkirdilər. Qərb bir ara Rusiyanı çox da qıcıqlandırmamaq üçün bu siyasətində fasilə götürdü. Ancaq Ukraynanın işğalı Qərbin planlarını yenidən hərəkətə gətirdi. Bundan sonra NATO bazaları Rusiyanın böyük şəhərlərinin bir neçə yüz kilometrliyində yerləşəcək və Kreml bunu həzm etmək məcburiyyətində qalacaq. Buna qarşı Kreml uzaqbaşı Belarus və ya Krımda nüvə raketləri yerləşdirəcək ki, bunun da ciddi əhəmiyyəti olmayacaq. Hələ heç bilmək olmaz, Belarus prezidenti Lukaşenko ölkəsində Rusiyanın yeni hərbi bazalarının yerləşdirilməsinə razı olacaq, ya yox?”
E.Şahinoğlu deyir ki, Rusiya ilə Qərb arasında birbaşa hərbi konfrontasiya baş verməsə də, Moskvaya şiddətli təzyiqlər olacaq: “Əlbəttə, Qərb Ukraynaya görə Rusiya ilə savaşmayacaq. Böyük müharibənin olacağını ehtimal etmirəm. Ancaq Qərbdə artıq düyməyə basılıb. Necə ki, vaxtilə Qərbin beyin mərkəzləri və siyasi dairələri dayanmadan SSRİ-ni çökdürmək üçün çalışırdılar və enerjilərini buna yönəltmişdilər, indi də eyni proses başlayacaq. Qərbdə anladılar ki, Rusiyanın inkişafı, maliyyə imkanlarının artımı bu ölkənin sabit siyasətinə xidmət etmir, tam əksinə Moskvanın iştahasını artırır, Kremli yeni ekspansiyalara həvəsləndirir. Demək, Rusiyanı zəiflətmənin yolu bu dövlətin daxildən parçalanmasına və maliyyə imkanlarının məhdudlaşdırılmasından keçir. Rusiyanın maliyyə potensialı neft və qazın satışı üzərində qurulub. Bu sahələrdə problem olarsa, Rusiya iqtisadiyyatı çökəcək. Ona görə də yaxın perspektivdə Rusiyanı bu iki sahədə problem gözləyəcək. Bu problemi isə ona Qərb yaradacaq”.