“Qənirə Paşayevaya da paralel yapını dəstəkləmək iddiası ilə böhtan atılıb”.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyə telekanalında barəsində “Paralel dövlət” iddiası ilə bağlı səsləndirilən fikirlərə öz Feysbuk səhifəsində münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, türk məktəblərinin bağlanılmasına qarşı olması onun nurçu olmağına dəlalət etmir:
“Artıq məsələni araşdırdım. Mənim şəxsimə də, Qənirə Paşayevaya da paralel yapını dəstəkləmək iddiası ilə böhtan atılıb. Bu gün göstəriş verdim ki, parlamentdə çıxışlarımın stenoqrammasını çıxarılsın. Müsahibələrimin, yazılarımın da kopyası hazırlansın. Məsələnin hüquqi tərəfi bir az vaxt aparacaq. Türkiyədə kimlərəsə xoş görünmək üçün Azərbaycanın bütün litsey məzunu olan insanlarını gənclərimizi dövlət çevrilişində suçlamağa cəsarət edən bu şəxs bunları isbatlamağa borcludur. Bu adamlar hələ də dərk etmək iqtidarında deyillər ki, həm Ərdoğan, həm də Fətulla Gülən mənim üçün hansısa avtoritet deyil, eyni zamanda onların görüşlərinin bizim dövlət və din modelimizin mahiyyətində yer alacaq qədər mükəmməl olduğunu düşünmürəm. Türkiyənin içində gedən hakimiyyət davası da bizi maraqlandırmır”.
Millət vəkili siyasi vasitə kimi düşünülən terminləri Azərbaycanda da süni olaraq canlandırmaq, əslində öz vətəninə hörmətsizlik, öz dövlətinin gücünü aşağılamaqdan ibarət olduğunu bildirdi:
“Sadəcə Azərbaycanda mənim fikrimcə, yaxşı təhsil verən məktəbləri birdəfəlik silmək təhsilimizə vurulan böyük zərbə idi. Yaxşı ki, Azərbaycan iqtidarı fərqli formada da olsa bu yanlışı düzəldərək bu təhsil bazasını qoruyub saxladı. Adam Qafqaz Universitetini ittiham edir ki, məgər ölkədə başqa universitet yoxdur ki, hər yerə məzunlar oradan seçilir? Var xeyli universitet, sadəcə ağlı başında olan adam 600 baldan yuxarı nəticə göstərənlərin universitet seçiminə baxsa, qızıl medalları alanların orta məktəblərdə sayına diqqət etsə görər ki, insanları düşündürən, Fidel Kastro, Ərdoğan və ya Fətulla Gülən deyil, rüşvətsiz və səviyyəli təhsilin verildiyi məkandır. Türkiyədə siyasət vasitəsi kimi düşünülən terminləri Azərbaycanda da süni olaraq canlandırmaq, əslində öz Vətəninə hörmətsizlik, öz dövlətinin gücünü aşağılamaqdır. Minlərlə yüksək təhsilli, tərbiyəli, vətənsevər litsey məzunun öz dövlətinə düşmən kimi təqdim etmək sadəcə ləyaqətsizlikdir”.