“Yaxşı insan qəlbi gözəl olandır”.
Platon
Ağıl-ürək yarışında ömür sürür yazıb-yaradan insan. Belə ruhu axtarışda gerçəkləşir təbii istedadın yaradıcı mahiyyəti. Bu axtarışla şərt-lənən bədii yaradıcılıq onu yaxından tanıdır. Bunu poetik sahədə daha bariz şəkildə görmək olar.
Poeziya daha mənəvi olan bir sənət növü sayılır. Əlbəttə, poeziyanı (ümumiyyətlə sənəti) hamı eyni tərzdə duymur. Onu hər kəs öz anlağı, marağı səviyyəsində qavrayır.
Knyaz Aslan şeirində mən hansı əsas məziyyəti duyuram? Sualı cavablandırmaq üçün onun şeirlərindən nümunələr üzərində duracam. Ancaq əvvəlcə özünü bir neçə sözlə təqdim etməliyəm.
Knyaz Aslan 40 yaşına – ruhun kamillik dövrünə yetişib. O, səfalı dağlar yurdu Başkeçiddə dünyaya şair gəlib.
Təbiətinə xas olan şairanəliyi onun tələbəlik illərindən görmüşəm. Knyaz mənim istedadlı, təvazökar xarakterli, sevimli tələbələrimdən olub.
Mənəvi-əxlaqi keyfiyyətləri – qəlbinin gözəlliyini açıq təzahür etdirir. Özünün batini səmimiliyi, təbiətən bütövlüyü ilə həmişə seçilir.
Knyаz təbii səmimiliyinə sadiq qalmağını çox uca tutur:
Təmənnalı məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasığmaz həqiqətdən,
Yalan “düzdən” qoru məni.
Öz “Mən”inin saflığını qorumaq – yüksək niyyətli iradə istəyir.
Bu, sırf özünə qapılmaq, dünyamıza biganə olmaq deyil.
Bu, şair ürəyinin bəslədiyi mənəvi işığı həssas təbiətli insanlara ərməğan etmək üçündür.
Şair qəlbinin varlığı əzəldən təmiz məhəbbət hissindən yoğrulub. Onun könül dünyasının tərcüməhalı bu duyğulardan doğulur.
Knyaz Aslanın məhəbbət şeirləri, gerçəkdən, saf duyğular axarıdır. Bu şeirlərdə öz eşqinə sədaqət ahəngi əsas motivdir:
Qoy köklənsin bir pərdəyə ürəklər,
Çiçək açsın puçur-puçur diləklər,
Bürüsə də dörd yanımı çiçəklər,
İlk eşqimin təkcə səndə gözü var.
Məhəbbətin sevincinə qovuşmaq sevib-sevilən gənclərin müqəddəs arzularıdır. Nəbzləri bir döyünən könüllərin vəhdəti – ən həyati gözəllikdir! Belə gözəlliyi, ali istəyi – xoşbəxt ailə qurmaq tamamlayır. Bir ailə ocağının doğuşu neçə ocaqlarda sevinc doğurur. Bu səadəti qoruyub yaşatmaq üçündür gəncliyin sevgi dünyası:
Sən düşmüsən ürəyimə birinci,
Anam bilib, artıb evin sevinci…
Bir söz deyim, nə küs məndən, nə inci:
“Könül sevən…” düz misaldı, qadası!..
Qohum-qardaş əncam çəkir bu işə:
– Bizdən sizə elçiliyə kim düşə?
Sinəm üstə boyun bükən bənövşə
Toy gününə bir sualdı, qadası!…
Knyaz Aslan məhəbbəti özündə nəcib əxlaq gözəlliyi daşıyır. Həya hissi əxlaqını bəzəyən gəncliyi ürəkdən tərənnüm edir. Milli mənə-viyyatımız gəncliyin tərbiyəsində bu hissi xüsusən ülviləşdirir.
Bu xüsusda filosoflar etik düşüncələrində ayrıca söhbət açıblar. Həyanı, doğrunu filosof Platon insanlara Allah payı sayırdı. Bunu insan birliyinin sağlam mənəvi təməli kimi mənalandırırdı.
Sadəcə, məhəbbətdə saf əxlaqı ucaltmaq – nə qədər tərbiyəvidir:
Səadətdi, sədaqətdi, səfadı,
Ülviyyətdi, məhəbbətdi, vəfadı,
Uca tutar təmiz eşqi, saf adı,
Yalan keçməz ələyindən bu qızın.
Sevgi dolu bir piyalə içirib,
İlk eşqimi ürəyinə köçürüb,
Üzüyümü barmağına keçirib,
Yapışaydım biləyindən bu qızın.
Knyaz Aslan adət-ənənəmizin gözəl xüsusiyyətinə sədaqətini saxlayır.
Həyat tərzimizin təmiz başlanğıclarından gəlir bu sadiqliyin qaynağı. Doğma təbiət bəxş edib şairə bu gözəl təbiiliyi. “Düz ilqarlı bizim dağlar” (Vurğun) ona saflıq verib.
Başkeçidin qosqocaman dağları heyrətləndirib şairi – xarakter bütövlüyünü doğurub:
Yayda qarı, qışda barı saxlayır,
Örpəyi var – namus, arı saxlayır,
Ilqarına bağlı yarı saxlayır,
Başkeçidin dağlarıdır bu dağlar!
Xarakteri şərtləndirən qaynaqlardan birincisi təbiət olduğu məlum gerçəkdir. Təbii mühitə köklü bağlılıq elin həyatında əksini tapıb. Təbiəti rəmzləşdirmək eyni zamanda əxlaqi şüura təsir göstərib.
Xalq zirvəsi qarlı dağlarımızı əyilməzlik, mərdlik timsalı sayıb. Əxlaq idealımızda bu simvol eynilə əzəmətliyi təsəvvürdə canlandırıb. (“Həqiqətən əzəmətli olmaq çətindir: əxlaqi mükəmməlliyə varmadan bu mümkün deyil”, – deyir Aristotel).
Knyaz Aslan bu rəmzlərdən şeirdə uğurla istifadə edir – bundan tərbiyəvi məna çıxarır:
Dağlar! Vüqarına vurulmuşam mən,
Əymirsən başını bircə kərə sən.
Dağ baba! Hə olar əzəmətindən
Bir az da nəvənə sovqat verəsən…
Dağlarda şair doğulan, təbiətin ehtişamlı gözəlliklər aləmində böyüyür. Onun ilhamının əzəl mənbəyi bu füsunkar aləm olur. Şair xəyalının, bədii zövqün duruluq çeşməsi burdan başlanır.
Knyaz təbiət gözəlliklərindən şeirdə lövhələr rəsm etməyi sevir. Yaz yağışından sonra təbiətdə canlanan mənzərəyə diqqət edin:
… Arılar öpüşdü güllə, çiçəklə,
Qaranquş aləmə yaydı səsini.
Gizlənpaç oynadı quş kəpənəklə,
Çeşmələr oxudu şən nəğməsini.
…Təbiət sevinib göy qurşağını
Asdı göy üzündən bir çələng kimi.
Bu şeirdə öz-özünü təzələyən təbiətə heyranlıq var. Şairin gözəlliyə heyranlığı ovqatını təzələyir, estetik zövqünü rövnəqləndirir. Belə cazibəyə qapılmaq onda daxili ehtiyaca çevrilir.
Knyazın poeziyası mənəvi gözəllik qannaqlarından xüsusilə qüvvət alır. Şair ilk növbədə ruhən saz-söz ahəngində köklənib. Bundan əlavə muğamatı sevir, zəngin şeir ənənəmizə bağlıdır. Sənəti yaşadanlardan neçələrinə ehtiram bildirən şeirlər həsr edib.
Xalq başlanğıcına bağlı meylləri Knyazda Vətən sevgisini qüvvətləndirib. Azərbaycan torpağının düşdüyü ağır dərdləri ürəyində daşıdığı duyulur. Torpağı yağıya qurban verənlər, “Vətəni dərəyə, düzə bölənlər” onun nifrətinə hədəf olublar. Yurdu dərdə düçar edən şəri, hakimiyyət hərisliyini, tamahı kəskin tərzdə tənqid edir.
Şair müasir dünyanın gedişatından narahat olduğunu şeirlərində bildirir. Müharibələrə mübtəla olan zamanamızda dünyaya əmin-amanlıq istəyir:
Ərzin qan təzyiqi qalxmasın göyə,
Hər kəs kainatda bilsin yerini.
Yer üzü əbədi yaşasın deyə,
Qoruyaq dünyanın əsəblərini.
Knyaz Aslan yaradıcılığının əsas xüsusiyyətini bu deyilənlər göstərir. Ancaq burda onun təkcə poetik yaradıcılığından söhbət getdi. O, eyni zamanda gözəl jurnalist kimi geniş şöhrət-lənib; ayrı-ayrı qəzet və jurnallarda redaktor kimi uğurla çalışır.
Bizim Xəzər Universitetində tələbələrə jurnalist peşəsinin sirlərini öyrədir, jurnalistikadan, ədəbiyyatdan ustalıqla mühazirələr oxuyur. Bakı Dövlət Universitetində kitabşünaslıq fənlərindən dərs deyir; sevimli müəllim kimi tanınır.
Bu yazı Knyaz Aslana ayrıca ərməğandır…
Knyaz Aslana ən xoş arzularlа
Cаmаl MUSTАFАYЕV,
Əməkdar elm xadimi,
fəlsəfə elmləri doktoru, professor