“Putin strateji səhvə yol verdi”-Politoloq

79

“Vladimir Putin Rusiyada qismən də olsa səfərbərlik elan etməklə Qərbin planlaşdırdığı bataqlığın içərisinə daha da çox düşməyi seçdi”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

“Hesab etmək olar ki, bu, müharibənin gedişində daha qanlı və dağıdıcı mərhələnin başlanmasının siqnalı oldu. Rusiya vətəndaşları bu günə kimi öz dövlətlərinin “xüsusi əməliyyat” adlandırdığı hərbi avantürasına kənardan baxmaqla kifayətlənirdilərsə, indi hər bir ailə bu müharibənin nəticələrini öz üzərlərində hiss edəcək ki, nəticə etibarı ilə Rusiya daxilində narazılıqların artmasına səbəb olacağı qaçılmaz olacaq. Müasir rus vətəndaşının psixoloji olaraq bu müharibəyə hazırlıq durumu elə səviyyədədir ki, bu, Rusiyanın geniş miqyaslı hərbi kompaniya aparmasına uyğun deyil. Sadə rus vətəndaşı müharibəni rus filmlərindən süni şəkildə təbliğat vasitəsi kimi istifadə edən müharibə filmlərindən görüb. Amma bunu film hesab edib, özü isə müasir dünya insanı kimi belə bir müharibənin ola bilmə ehtimalından kənar şəkildə formalaşmış mühitdə yaşayıb. Öz dövlətinin süni şəkildə təbliğ edilmiş “güclü dövlətinin” gücünə arxayın şəkildə yaşamışdır. İndi isə məlum olur ki, bu, belə deyil. Onun dövlətinin ordusu heç nəyə qadir olmayan, müasirlikdən kənar, ll dünya müharibəsinin səviyyəsində qalmış bir ordudur və belə bir orduda həmin vətəndaş indi müasir silahlarla təchiz edilmiş, Qərb dünyası tərəfindən dəstəklənən Ukrayna və bir çox ölkələrin Rusiyaya düşmən qüvvələrindən formalaşmış bir orduya qarşı döyüşməlidir. Onun psixoloji durumunu təsəvvür etmək elə də çətin deyil.
Hesab etmək olar ki, Putin müharibəni başa çatdırmaq əvəzinə yeni bir strateji səhv etdi. Rus xalqı da bu səhvə düşüb onun çağırışına qoşulsa, Rusiyanın gələcəyi heç də yaxşı görünmür”.

Yeganə