Rusiya müxtəlif qitələrdəki müttəfiqlərini və həmfikirlərini yüksək qiymətləndirir.
Elchi.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin Ordu-2022 forumunda çıxışı zamanı deyib.
“Bunlar hegemon deyilən dövlətin qarşısında əyilməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmir”, – deyə Putin Rusiyanın müttəfiqlərini tərifləyib.
Prezident vurğulayıb ki, bu dövlətlər suveren, müstəqil inkişaf yolu seçirlər, qlobal və regional təhlükəsizlik məsələlərini beynəlxalq hüquq normaları, qarşılıqlı məsuliyyət və bir-birinin maraqlarının nəzərə alınması əsasında kollektiv şəkildə həll etmək istəyirlər.
“Beləliklə, çoxqütblü dünyanın qorunmasına töhfə verirlər”, – o əlavə edib.
“Rusiya Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə tarixən möhkəm, dostluq və etimada əsaslanan əlaqələri səmimiyyətlə qoruyur və müttəfiqlərinə, tərəfdaşlarına ən müasir silah növlərini təklif etməyə hazırdır”, – deyə Putin vurğulayıb.