“Putin “hücum dastanından” müdafiə müharibəsi “povestinə” keçir”.
Elchi.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov Putinin səfərbərlik sərəncamı və Rusiyanın nüvə təhdidi ilə bağlı FB hesabında qeyd edib:
“Səfərbərliyə cəlb edilən şəxslərin komplektləşdirilməsi, təlimi vaxt aparır və bu zaman kəsiyi, Ukraynaya əks-hücum əməliyyatlarında uğur əldə etmək imkanı qazandırır. Səfərbərlik Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində birləşmə referendumlarının keçirilməsi üçün hazırlananan təhlükəsizlik tədbiridir. Putin Ukraynaya və Qərbə xəbərdarlıq edir ki, onlar Rusiyanın tutduğu ərazilərə hücum etmək istəsələr, nüvə qisası riski ilə üzləşəcəklər. Putin hesablayır ki, onun təhdidləri, ABŞ və Avropanı Rusiya üçün əlverişli şərtlərlə “sülhə” məcbur edə bilər. Bu, məsələnin blef tərəfi ola bilər. Putin müharibədə uduzmağın real, qaçılmaz perspektivi ilə üzləşəcəksə bunu suverenliklə əlaqələndirib nüvə silahından istifadə edə bilər.
Qərb nüvə təhdidlərinə boyun əyməkdənsə, Rusiyaya nüvə müharibəsi ssenarisində adekvat cavab verəcəyi fikirlərini gündəmdə saxlasa, Moskva qorxu ilə hücum dilemması arasında qalacaq.
NATO həm özünün, həm də Moskvanın qorxuları üzərində məharətlə oynayaraq çəkindiricilik üçün təhdidlərini gücləndirəcək.
ABŞ kəşfiyyatı hava, dəniz və quru sistemlərini özündə birləşdirən Rusiyanın taktiki nüvə silahları inventarına lazerlə diqqət yetirir. Açıq mənbələrdəki məlumatlara əsasən, Rusiya Ukraynaya müdaxilə edəndən bu yana, taktiki nüvə silahlarının hərəkətini aşkar etməyib.
NƏTİCƏ: Rusiyadakı səfərbərlik elanı fonunda Kremlin nüvə təhdidləri Qərbi də dilemmalar girdabına yuvarlayır.
Deyəsən, Putin bu dəfə “son zərurət anı”na münasibətdə səslənən nüvə təhdidində həqiqətən də blef etmir.
Amma analoji addım da mümkündür ki, bu zaman bəşəriyyət böyük itkilərə hazır olmalıdır”.
Yeganə