Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək. “Ria Novosti” Putinin Tehranda İranın ali liderilə görüşəcəyi barədə məlumat yayıb. Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bildirib ki, Prezident Vladimir Putin İrana səfəri zamanı ali dini lider Əli Xamenei ilə görüşməyi planlaşdırır.
Bundan əvvəl Putinin iyulun 19-da İrana səfər edəcəyi və İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcəyi, həmçinin ikitərəfli görüşlər keçirəcəyi bildirilmişdi.
Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oqtay Qasımov Elchi.az-a açıqlamasında bildirib ki, Putinin İran səfərində müzakirə olunacaq mövzuların spekti genişdir.
Rusiya və İran arasında uzun müddətdən bəri münasibətlər sisteminin formalaşmaqda olduğunu söyləyən politoloq qeyd edib ki, görüşdə həm siyasi, həm iqtisadi, həm də regional və qlobal səviyyəli məsələlərdən danışıla bilər:
“Rusiya və İran beynəlxalq sanksiyalara məruz qalmış ölkələrdir və hər iki dövlət bu sanksiyalardan yayınmaq və mallarını satmaq üçün müəyyən bazaların axtarışındadırlar. Hesab edirəm ki, Putin-Xamenei görüşündə müzakirə olunacaq əsas məsələlərdən biri bu ola bilər. Bundan başqa, Ukraynada baş verənlərdən sonra Rusiyaya enerji daşıyıcıları məhsulları ilə bağlı ciddi sanksiyalar tətbiq olunub. Avropa bazarında öz yerini və mövqelərini itirən rəsmi Moskva başqa istiqamətlərə yönəlir və Çin, Hindistan bazarında İranın neft satışı üzrə əsas rəqibinə çevrilib. Son dövlər yayılan məlumatlar onu göstərir ki, Rusiya nefti daha ucuz satılmaqla İran neftini həmin bazarlarda xeyli dərəcədə sıxışdırmağa nail olub. Müzakirə zamanı yəqin ki, bu məsələyə də toxunulacaq”.
O.Qasımov vurğulayıb ki, İran və Rusiya uzun müddətdən bəri öz aralarında ticarət əlaqələrinin qurulması üçün milli valyutalardan istifadəsi edilməsi ilə bağlı müzakirə aparırlar. Yayılan məlumatlar da onu göstərir ki, onlar yaxın gələcəkdə bunu reallaşdırmaq üçün konkret addımlar atmağı planlayırlar:
“Fikrimcə, görüş zamanı bu məsələ də müzakirə obyekti ola bilər. Həmçinin Rusiya İran üzərindən keçməklə Hindistan limanlarını əlaqələndirən Şimal- Cənub dəhlizi məsələsini bir daha gündəmə gətirəcək və İran tərəfindən işlərin sürətləndirilməsi istəniləcək. Çünki bu, Rusiya üçün hazırdakı sanksiyalar müddətində xüsusi önəm daşımağa başlayıb. Rusiya Avropa istiqamətində xeyli dərəcədə kommunikasiya xətlərindən istifadə imkanlarını itirdiyinə görə, alternativ yollar axtarmaqdadır”.
O.Qasımovun sözlərinə görə, Putin-Xamenei görüşündə regional məsələlər-Guney Qafqaz, o cümlədən, Əfqanıstan və Suriya məsələləri də müzakirə predmeti ola bilər:
“Çünki Türkiyə, İran və Rusiya prezidentlərinin yaxın zamanda görüşü nəzərdə tutulur və onların bu görüşdə xüsusilə də, Suriya məsələsini müzakirə edəcəyi bildirilir. Bir neçə il qabaq bu üç dövlətin Suriya məsələsində birgə fəaliyyətini müəyyənləşdirən görüş də olmuşdu. O zamandan bəri tərəflər öz üzərinə müəyyən öhdəliklər götürüblər. Rusiya hazırda Amerika və Qərb blokuna qarşı müqavimət üçün yollar axtarır. İran və Çin kimi ölkələrin səylərini birləşdirərək qərbin təzyiqlərinə qarşı durmağa çalışır. Məhz İran səfəri zamanı bu məqam əsas müzakirə mövzusudur.
Hər halda Putinlə Xamenei bir çox məsələdə Rusiya və İranın maraqlarını uzlaşdırmağaa çalışacaqlar. Mətbuatda yayılıb ki, Ukrayna ilə savaş getdiyi müddətdə İran tərəfindən Rusiyaya müəyyən hərbi yardımlar edilib və bundan sonra da edilməsi planlaşdırılır. Görüş zamanı xüsusilə də insansız hava ərazilərinin verilməsi məsələlərinə toxunula bilər”.
Yeganə