Azərbaycanda satılan suvenirlər əsasən Çin istehsalıdır
Uzun müddət Ukraynada yaşayan Vaqif Əliyev hər dəfə Bakıya gələndə, buradan “Çinar” şokaladları alıb aparardı. Bu dadlı şokaladları Ukraynada səbirsizliklə gözləyirdilər. Bakıya 20 il ərzində gəlməyən Vaqif Əliyev bu il paytaxta səfər etdi. Çox təəssüf ki qayıdanda Bakıdan Ukraynaya aparmağa heç nə tapmadı. Çünki nə Bakıya şərəf gətirə biləcək dadlı şokolad vardı, nə de yerli istehsal olan layiqli suvenirlər. Əslində belə problemlərlə Vaqif Əliyev deyil, digər turistlər də qarşılaşır.
Nəzərə alsaq ki, bu il paytaxtımızda “Bakı-2015” Avropa Oyunlar keçiriləcək, onda paytaxtımıza gələcək turistlər üçün bu məsələnin necə vacib olduğunu anlamaq olar.
Bəs bu il Bakıya gələn qonaqlar satılan suvenirlərdən razı qalacaqlarmı? Bu suala cavab tapmaq üçün üz tutduq süvenirlərin daha çox satıldığı İçəri Şəhərə. Müşahidələrimiz zamanı gördük ki, suvernirlər arasında Azərbaycana məxsus milli gəlinciklər, çalğı alətləri, milli geyimlər, baş örtükləri, Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları, üzərində Bakının və İçəri Şəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və s.
Qeyd edək ki, boşqablar, fincanlar və bu kimi suvenirlər İçəri Şəhər Qoruq İdarəsi tərəfindən sifariş edilib hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən təqdim edilir.
Suvenir satan Fəxrəddin adlı küçə ticarətçisi bizə bu suvenirləri necə əldə etdiyindən danışdı: “Suvenirləri həm qoruq idarəsindən, həm də sənətkarlardan alırıq. Fərdi şəxslər və sənətkarlar öz əl işlərini gətirib verirlər”.
Suvenirlərə təlabatın çox olduğunu deyən satıcı bayramlarda və İçəri Şəhərdə təşkil edilən müəyyən tədbirlərdə bu tələbatın daha da artdığını bildirdi. Fəxrəddin kişi düşünür ki, olimpiya oyunları zamanı onlara təlabat daha da çoxalacaq.
Qiymətlərə gəlincə, burada 8 manatdan 100 manata kimi əl işi olan suvenirlər də satılırdı. Milli gəlinciklər 8 manatdan başlayaraq 10-15 manata kimi, şarflar 6 manatdan 15 manata kimi. Lakin xaricdən gətirilən suvenirlər qiyməti 1 manat 50 qəpikdən başlayırdı.
Maraqıdır ki, ölkəmizin tarixini əks etdirən suvenirlərlə yanaşı, respublikamıza heç bir aidiyyatı olmayan geyimlər və papaqlar satılır. Bundan əlavə, satılan suvenirlərin istehsal yerilə maraqlananda, lap təəccübləndik. Çünki məhsulların çoxunun Çində istehsal olunduğunu öyrəndik.
Satıcının sözlərinə görə, adicə Qız Qalasının kiçik suvenirini Çindən sifariş edirlər: “Buradakıların çoxu xaricdən gəlir. Lakin milli gəlincikləri özümüz sifariş etmişik, çünki çinlilər onu heç cür hazırlaya bilmirlər. Çindən gətirdiyimiz suvenirlər buradakından 2 dəfə ucuz başa gəlir. Məsələn, Qız Qalasının balaca suvernirini burada bizə 1 man 50 qəpik və ya 2 manatdan aşağı verən olmaz. Çindən isə bunu 50 qəpiyə alırıq. Adi çarıqlar Türkiyədən gəlir. Amma bir şey də var ki, bizimki baha olsa da, bilirsən ki, dəyərli maldır. Bu sahə ilə məşğul olan şirkətlər yaransa, rəqabət də yaranar, qiymət də bəlkə ucuzlaşar”.
Bu sahəyə dövlət nəzarətinin olub-olmaması ilə maraqlandıq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya-ictimaətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, suvenirlərin hazırlanması və satışı ilə bağlı daha çox sənətkarlar maraqlı olmalıdır. Onun sözlərinə görə, Bakının bir çox yerində suvenirlərin satışı müşahidə olunur.
“Demək olmaz ki, bütün suvenirlər Azərbaycana aid deyil və onlar başqa dövlətin istehsalıdır. İsmayıllıda, Qubada Qəbələdə və digər bölgələrdə kifayət qədər suvenirlər hazırlayan müəssisələr var. Mədəniyyət və Turizm Nazirliyi olaraq yerli sənətkarlarımızın əsərindən beynəlxalq sərgilərdə istifadə edirik. Bir çox böyükmiqyaslı tədbirlərdə yerli sənətkarlarımızın əl işlərini təqdim edirik. Regionlarda sənətkarların müəyyən edilərək, onlara şərait yaradırıq”, – deyə Vüqar Şixəmmədov bildirib.
Nazirlik rəsmisi deyir ki, son dövrlər kifayət qədər istər taxtadan oyma, istər kiçik xalçalar kimi suvenirlər istehsal olunur. Onları bir çox satış məntəqələrində gösmək olar: “Yeri gəlmişkən, sahibkarları bu sahəyə daha çox investesiya qoymağı təklif edirik”.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə ANS PRESS-ə bildirdi ki, vaxtı ilə, yəni 2000-ci ildən öncə Bakı şəhər İcra Hakimiyyəti bu məsələyə nəzarət edib, lakin indi həmin məsələ onlara aid deyil.
Ekspertlər isə bu sahənin qənaətbəxş olmadığını düşünürlər. İqtisad elmləri doktoru, professor Zahid Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycanda suvenirlərin qiymətləri yüksəkdir. Ekspert həmçinin, suvenir seçiminin də qənaətbəxş olmadığını bildirib.
“Bu, sahibkarlıq fəaliyyəti deyil, xalq sənətidir. Məsələn, həmin şəxslər məhsullarını satmaq üçün icarəyə yer götürürlər. Bir sənətkar şəhərin mərkəzində kiçik bir dükana görə 2000 manat icarə pulu ödəməlidir. Belə çıxır ki, o, ancaq icarə puluna işləyəcək”, – deyə Zahid Məmmədov bildirib.
Ekspert hesab edir ki, dükanlarda xarici ölkələrin suvenirlərinin satılması isə ümumiyyətlə anlaşılmazdır: “Türkiyədə Rusiyanın və ya Fransada Türkiyənin və ya Rusiyada Ukraynanın malını görə bilməzsən. Bu qəbul edilməzdir”.
Ekspert çıxış yolunu Sənətkarlar İttifaqının yaradılmasında görür. O, təklif edir ki, yaradılacaq həmin qurum vergilərdən azad olsun. Onlar Azərbaycana aid məhsulları istehsal etsinlər.
Zahid Məmmədov bu sahədə məhbusların əl əməyindən istifadəni də məsləhət gördü. İqtisadçının sözlərinə görə, bununla məhbusların da pul qazanmaq şansı yaranar.
“Bilirsinizmi, həbsxanalarda nə qədər misilsiz əl işləri var? Bu dəqiqə Amerikanın özündə məhbuslar həbsxanada ola-ola milyoner olurlar. Birdə görürüsən, həbsxanada olan insan elə əl əməyinə sahibdir ki, təsbehdən tutmuş daha nə yaradır. Onlara şərait yaradılmalıdır”, -deyə Zahid Məmmədov bildirib.
FOTO: Polad Qasımov
ANS PRESS