Prezident sammit iştirakçılarına müraciət ünvanladı

38

“Sizi Bakıda səmimiyyətlə salamlayır, ən xoş arzularımı çatdırıram. Bu Sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin iştirakçılarına müraciətində qeyd edilib.

“Hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir. Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsi, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclər diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub yaşadan, eyni zamanda, ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik”.

Qeyd edək ki, Prezidentin müraciətini gənclər və idman naziri Fərid Qayıbov səsləndirib.