“Pelosi Qarabağa səfər etməyi planlaşdırsa, bu, əsl təhlükə olacaq”-Politoloq

73

“Amerika Təmsilçilər məclisinin başçısı N.Pelosi İrəvana gəlir. Blinken Azərbaycan-Ermənistan məsələsini şəxsən öz nəzarətinə götürdüyünü açıqlayır. Görünən odur ki, hadisələr getdikcə daha maraqlı və gərgin hal alacaq”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib:

“Amerikanın bu səviyyədə regiona marağı nədən irəli gələ bilər?
İlk növbədə hesab edirəm ki, başlıca səbəb ABŞ-da keçiriləcək aralıq seçkilərdə erməni lobbisinin səslərini əldə etmək üçündür. Böyük ehtimalla, N.Pelosonin səfəri zamanı Azərbaycan əleyhinə ciddi bəyanatlar səsləndiriləcək. Qarabağ ermənilərinin statusu məsələsi gündəmə gətiriləcək. N.Pelosinin İrəvana səfərinin nəticələrinə bir fakta görə qiymət vermək olacaq. Əgər N.Pelosi İrəvana səfərlə kifayətlənib geri qayıtsa, hesab etmək olar ki, bu, Azərbaycan üçün elə bir ciddi mənfi nəticələri olmayan səfər olacaq. Təbii ki, regiona təkcə Ermənistana səfər edib, Azərbaycan və ya Gürcüstana səfər etməməyin özü öz-özlüyündə yaxşı hal olmasa da, vaxtı ilə Buş da Gürcüstana gəlib-getmişdi.
Əslində, bu gəlişin və diqqətin artırılmasının bizdən çox Rusiya-Ermənistan münasibətləri ilə əlaqəli olduğunu iddia etmək olar.
Azərbaycan üçün təhlükəli ola biləcək hal, N.Pelosinin Çinin etirazlarına baxmadan Tayvana səfərini nəzərə alsaq, Qarabağa səfər etməyi planlaşdırsa, bu, əsl təhlükə olacaq. Böyük ehtimalla, bu, olmayacaq, onu ruslar da sərhəddən Qarabağa buraxmaz. Amma N.Pelosinin bu fikrinin olması belə kifayət edər.
Şəxsən fikirləşirəm ki, Amerika Azərbaycana qarşı ciddi təzyiq yolunu tutmaz. Bunu onunla da əlaqələndirmirəm ki, Azərbaycan Avropanın enerji təminatında vacib rol oynayır, buna görə də Amerika Azərbaycanla yumşaq rəftar etməlidir. Səbəbin əslində, birbaşa Azərbaycan-Amerika münasibətlərində olduğu qənaətindəyəm. İki ölkə uzun müddətdir ki, NATO-nun və Amerikanın bir sıra hərbi kompaniyalarında qarşılıqlı əməkdaşlıq edib. ABŞ hər il Azərbaycana hərbi və müxtəlif şəkildə maddi və texniki yardımlar ayırır. 907ci düzəlişin tətbiqini hər il dayandırır. Ən əsası isə Azərbaycanın suveren ərazisini tanıyır və bu illər ərzində bu siyasətinə sadiq qalıb.
Təbii ki, Amerika Azərbaycanı Rusiya qarşısında da pis vəziyyətə salan və ABŞ-dan uzaqlaşıb Rusiyaya yaxınlaşan addımlar atmağa risk etməz.
Hesab edirəm ki, bu səfərlərin nəticəsi kimi regiondakı Azərbaycan-Ermənistan münaqişəsinin sona çatması üçün addımlar atılacaq. Rusiyanın zəifləməsi fonunda bu, daha real görünür”.

Yeganə