Ermənistan hakimiyyəti ilə Xankəndidəki separatçılar arasında müəmmalı proseslər baş verir. Baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı “statusu” arxa plana keçirməsi, Azərbaycanla sülh sazişini imzalamağın vacibliyi haqda çıxışından sonra Araik Arutyunyan “təslim olmayacaqları” iddiası ilə çıxış etdi.
Maraqlıdır, Ermənistanın daxilindəki xaos Paşinyanın sülhlə bağlı geri addım atmasına səbəb ola bilərmi?
İrəvanda baş verənləri Elchi.az-a dəyərləndirən “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Paşinyan hakimiyyəti son vaxtlar Cənubi Qafqaz regionunda mövcud olan geopolitik situasiyanın yeni şərtlərini Ermənistan cəmiyyətinə daha detallı şəkildə izah etməyə başlayıb.
Analitikin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan erməni toplumuna izah etməyə çalışır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yeganə çıxış yoludur:
“Əks halda, yeni müharibə baş verə bilər, nəticədə Ermənistanın daha böyük itkilərlə üzləşməsi qaçılmaz xarakter daşıyar.
Ona görə də, erməni baş nazir ən qısa zaman içərisində Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının vacibliyini vurğulayır. Ancaq N.Paşinyan anlayır ki, “Dağlıq Qarabağ” və ya “status” mövzularını qabardacağı təqdirdə, Azərbaycanla sülh sazişinin imzalanması mümkün olmayacaq. Üstəlik, Ermənistanın gələcək mövcudluğuna ciddi təhlükə yarada biləcək yeni savaş ehtimalı artacaq. Ona görə də, Paşinyan hakimiyyəti erməni toplumunu “Dağlıq Qarabağ” və “status” məsələlərindən Ermənistanın imtina etməli olduğuna əvvəlcədən hazırlamağa çalışır”.
E.Xalidbəyli vurğulayıb ki, Paşinyan eyni zamanda Ermənistanın “artsax”dan həmişəlik imtina olunaraq, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədlərini tanımasının vacibliyini həm də, Qərb siyasi dairələrinin bu barədə açıq tələbləri ilə izah etməyə çalışır:
“Erməni baş nazir Qərb siyasi dairələrinə istinad etməklə, Ermənistan cəmiyyətinə xəbərdarlıq edir ki, əgər, sülh sazişi imzalanmasa, yeni savaş başlayacaq. Qərb siyasi dairələri isə Ermənistana heç bir dəstək verməyəcəklər.
Təbii ki, Paşinyan hakimiyyətinin “artsax” və “status” iddialarından imtina edərək, sülh sazişi variantına üstünlük verməsi Ermənistandakı radikal-revanşist qüvvələr və Araik Arutyunyanın rəhbərlik etdiyi erməni separatçılara qətiyyən sərf eləmir. Hazırda Ermənistandakı revanşist müxalifətlə Xankəndi və ətraf bölgədəki erməni separatçıların maraqları Rusiyanın Cənubi Qafqazdakı mənafeləri ilə üst-üstə düşür. Ona görə də, siyasi revanşistlər və erməni separatçılar Paşinyan hakimiyyətinin sülh sazişi hazırlanması variantına üstünlük verməsinə sərt şəkildə müqavimət göstərməyə çalışırlar. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh danışıqları prosesini pozaraq, onu iflasa uğratmağa çalışan Rusiya ilə ortaq hərəkət etməyə cəhd göstərirlər.
Ancaq Ukrayna savaşında ciddi şəkildə zəifləməkdə olan Rusiyanın Cənubi Qafqazdakı mövqelərini tədricən itirə biləcəyi də qətiyyən istisna deyil. Xüsusilə də, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazda gedən proseslərdən kənarlaşdırmaq istiqamətində konkret addımlar atmağa başlayıb. Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan birbaşa təmaslar qurmaqla aparılması da Kremlin regional maraqlarına sarsıdıcı zərbələr vurmaqdadır. Ona görə də, Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsinin Paşinyan hakimiyyəti ilə qarşıdurmaya girməsi tamamilə mənasızdır.
Məsələ ondadır ki, son nəticədə Ermənistan Xankəndi və ətraf bölgə də daxil olmaqla, Azərbycanın ərazi bütövlüyünü tanıyacaq. Rusiya nə qədər əngəl törətməyə çalışsa da, Azərbaycan və Ermənistan arasında sülh sazişi də imzalanacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsinin üzvləri isə ya həbs olunacaqlar, ya da bölgədən həmişəlik qaçıb, gedəcəklər. Bundan sonrasa, Cənubi Qafqazda Rusiyaya heç bir ehtiyac qalmayacaq və Kreml yaxın gələcəkdə regionu tamamilə itirmiş olacaq”.
Yeganə