“Paşinyanın Vladivostokdakı çıxışına baxdım. Yenə öz ampluasında idi, rusca necə danışırdısa, o cür də “arqumentlər” gətirirdi”.
Elchi.az-ın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev Feysbuk hesabında bildirib.
“Paşinyanın çıxışından görünürdü ki, Ermənistan baş naziri özü də Vladivostokda peyda olmasının təəccüblü və gülməli göründüyünün yaxşı fərqindədir. Çünki Vladivostokdakı Şərq İqtisadiyyat Forumu Rusiyanın Uzaq Şərqdəki əyalətlərini Asiya və Sakit Okean hövzəsi ölkələrindən cəlb ediləcək yatırımlar hesabına qaldırmaq niyyəti ilə keçirilir ki, burada Ermənistanın iştirakı Liberiyanınkı qədər anlamsızdır. Paşinyan isə deyir ki, guya Ermənistan qovşaq ölkə olduğundan, Asiya ilə Avropanın birləşdirən yüklərin önəmli bir hissəsi oradan keçməklə daşınacağından o, Vladivostokdakı foruma qatılıb.
Görəsən dalan ölkə haçandan nəqliyyat qovşağına çevrilib ki, regionda bundan heç kimin, hətta molla rejiminin belə xəbəri yoxdur. Əlbəttə, cəfəngiyatdır. Neçə vaxtdır dayanmadan Rusiya Prezidentinə zəng edən Ermənistan baş naziri əslində Vladivostoka bir məqsədlə çağırılmışdı, qərbdəkilərə göstərilirdi ki, Ermənistan Vladivostok qədər şərqdədir və sizdən uzaqdır, Rusiyanın forpostudur, forpostu da olaraq qalacaq!
Mənə elə gəlir ki, Türkiyə ilə əlaqələrin normallaşdırılması üçün Paşinyanın Putindən kömək diləməsi belə ona diqtə edilmişdi. Diqtə edilmişdi ki, qoy hər kəs forpoststanın Rusiyadan necə asılı olduğunu görsün.
Ermənistan baş naziri bu dərəcədə alçaldıcı addımı niyə atır, özünü və ölkəsini nədən gülünc vəziyyətdə qoyur? Bu sualın cavabı isə onun ikinci Qarabağ savaşıyla bağlı söylədiklərində gizlənmişdi. Paşinyan ikinci Qarabağ savaşının dünyanın başının kovidə qarışması səbəbindən baş verdiyini deyərək Rusiyanın bütün diqqətinin Ukraynaya cəmləşdiyini görüb Azərbaycanın yenidən hərəkətə keçə biləcəyini vurğuladı. O, Putindən diqqətinin bir hissəsini də bizim regiona yönəldərək bunun qarşısını almasını istədi.
Maraqlıdır, Qafqazdakı digər xalqlar özünü bu dərəcədə alçaldan xəstə xislətlilərə necə yanaşırlar? Axı hər kəsə gün kimi aydındır ki, Ermənistan başqasının torpağına göz dikməkdən əl çəkib beynəlxalq normalara və ikinci Qarabağ savaşından sonra üzərinə götürdüyü öhdəliyə əməl etsə, onu Azərbaycan tərəfdən heç bir təhlükə gözləmir.
Yəqin qərbdə də aradan heç bir həftə keçməmiş Paşinyanın metamorfozunu, obrazlı desək, brüssellidən necə dönüb vladivostoklu olduğunu görməmiş deyillər. Və əminəm ki, artıq regiona səfərə gələn ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikerin də bu diqqətindən qaçmayıb.
Yeri gəlmişkən, Ermənistanda Rikerin regiona Minsk qrupunun həmsədri kimi gəldiyi bildirilsə də, ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel keçidiyi brifinqdə(https://www.state.gov/briefings/department-press-briefing-september-6-2022/) həmən səfərdən danışarkən onu məhz Qafqaz üzrə baş məsləhətçi kimi təqdim edib.
İstənilən halda Azərbaycanda cənab Riker ancaq və ancaq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi kimi qəbul ediləcək və əminəm ki, ondan baş naziri Vladivostokda Rusiyanın forpostu olduqlarını dönə-dönə sərgiləyən Ermənistanın müdafiə nazirinin Vaşinqtonda nə axtardığı, separatçı ünsürlərdən birinin ora necə getdiyi soruşulacaq”.
Şayəstə