“Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə sülhün bərqərar olması üçün çətin qərarlar verməyə hazır olduğu ilə bağlı verdiyi açıqlamaya diqqətlə baxdıqda son proseslərlə bağlı bir sıra mətləblərin üstünün açılmasını görə bilərik”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov Feysbuk hesabında məlumat verib.
“Paşinyan deyir ki, “Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”. Ermənistan baş nazirinin indiki məqamda belə bir açıqlama verməsinin arxasında duran səbəbləri belə izah etmək olar;
1) Paşinyan demək istəyir ki, mən Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh şərtlərini qəbul edirəm, amma buna mane olan qüvvələr var.
2) Paşinyan demək istəyir ki, mən Azərbaycan prezidenti ilə Brüsseldə keçirdiyim sonuncu görüşdən sonra üzərimə götürdüyüm öhdəliklərin icrasını həyata keçirməyə hazıram, amma mənə imkan vermirlər.
3) Paşinyan demək istəyir ki, ölkədaxilində mən siyasi hakimiyyətimi qismən təmin edə bilsəm də, ordu daxilində mənə deyil, kənar güclərə, xüsusilə də Rusiya və İrana bağlı olan güclər qalmaqdadır.
4) Paşinyan demək istəyir ki, mən yaxşı başa düşürəm ki, ölkəmin güclü ordusu yoxdur və onun gələcəyi Azərbaycanla bağlanacaq sülh müqaviləsindən keçir”.
Analitikin sözlərinə görə, Paşinyan ölkəsinin ərazisinin ümumi olaraq nə qədər olduğunu xüsusilə vurğulaması isə ondan xəbər verir ki, Ermənistan Qarabağdan əlini üzüb və bunu da açıq mətnlə ifadə edir ki, bundan sonra baş verə biləcək istənilən hadisənin məsuliyyəti Rusiya “sülhməramlıları”nın və orada hələdə fəaliyyət göstərən oyuncaq rejimin üzərinə düşür:
“Əlbəttə ki, Paşinyanın da digər ermənilər kimi, ikiüzlü və satqın olduğuna heç kimdə şübhə olacağına inanmıram. Amma son proseslərdən belə aydın olur ki, Paşinyan ölkədə faktiki siyasi hakimiyyəti əlində müəyyən qədər saxlamağı bacarsa da, orduya tam nəzarət onun imkanları çərçivəsində deyil. Eyni zamanda Paşinyanın dəstək üçün KTMT-yə müraciətdən sonra Qazaxıstan və Qırğızıstan tərəfindən rədd cavabı alması da ümidlərinin qırılmasına səbəb olan amillərdən hesab edilə bilər.
Məhz buna görə də hesab edirəm ki, Paşinyan artıq Rusiyaya qarşı kartları açıq oynamağa çalışır. Əgər Paşinyan Azərbaycanla sülh danışıqları masasına oturarsa və sülh müqaviləsinə gedərsə, bu onun Rusiya üzərində ciddi qələbəsi ola bilər”.
Şayəstə